Məktəbli forması və sosial bərabərlik - geyimin təhsil mühitinə təsiri

Cəmiyyət Xəbər 22 Sentyabr 2026 20:31 (UTC +04:00)
Məktəbli forması və sosial bərabərlik - geyimin təhsil mühitinə təsiri
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gün Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində geyim formaları ilə bağlı qaydalara dəyişiklik edib. Qərara əsasən, təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadəsinə yol verilmir. Yeni dəyişiklik məktəblərdə geyim qaydalarının tətbiqi ilə bağlı bir sıra məsələləri gündəmə gətirib.

Bəs Nazirlər Kabinetinin bu qərarı hansı səbəbdən qəbul edilib və vahid məktəbli formasının təhsil mühitinə təsiri nədir?

Məsələ ilə bağlı Trend-in suallarını cavablandıran Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin Mirzəbəyli bildirib ki, Nazirlər Kabinetinin dövlət ümumi təhsil müəssisələrində geyim forması qaydalarına etdiyi son dəyişikliyə məsələnin mahiyyəti üzrə yanaşmaq daha doğru olar.

O qeyd edib ki, burada əsas məsələ yalnız şagirdlərin hansı geyimdən istifadə etməsi deyil, məktəb mühitinin hansı prinsiplər əsasında qurulması, uşaqların bir-biri ilə hansı sosial müstəvidə münasibət yaratması və təhsilin dünyəvi, neytral və inklüziv xarakterinin qorunmasıdır.

"Qərarda təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadəyə yol verilməməsi nəzərdə tutulur. Bu müddəanı yalnız “nə geyinmək olar, nə geyinmək olmaz” sualı çərçivəsində qiymətləndirmək düzgün deyil. Əsas məqsəd bütün şagirdlər üçün ümumi və bərabər qaydaların tətbiq olunduğu təhsil mühitinin formalaşdırılmasıdır.

Məktəbli formasının mühüm funksiyalarından biri uşaqlar arasında zahiri və sosial-iqtisadi fərqlərin geyim vasitəsilə nümayiş etdirilməsini azaltmaqdır. Şagirdin ailəsinin gəlir səviyyəsi, valideynlərinin sosial statusu və geyimə ayıra bildiyi vəsait onun məktəbdəki münasibətlərinə və mövqeyinə təsir edən amilə çevrilməməlidir", - deyə o bildirib.

E.Mirzəbəyli əlavə edib ki, uşaqların bahalı və ucuz, marka və qeyri-marka geyimlərə görə fərqlənməsi xüsusilə yeniyetməlik dövründə həmyaşıd münasibətlərinə və uşağın özünüdəyərləndirməsinə təsir göstərə bilər:

“Vahid məktəbli formasına sosial bərabərliyin simvolik mexanizmlərindən biri kimi yanaşmaq olar. Məktəbdə sosial statusun geyim vasitəsilə nümayiş etdirilməsi azaldıqca, uşağın mövqeyinin maddi imkanlardan deyil, onun biliyindən, davranışından, bacarığından və şəxsiyyətindən asılı olması üçün daha əlverişli mühit yaranır. Vahid geyim qaydasının tətbiqi uşağın fərdiliyinin məhdudlaşdırılması kimi başa düşülməməlidir".

Onun sözlərinə görə, yaradıcılıq, düşüncə, istedad, maraqlar və dünyagörüşü geyim formasından daha geniş anlayışlardır:

"Məktəbli forması yalnız təhsil müəssisəsində ümumi görünüş və davranış standartını müəyyən edir. Eyni zamanda məktəb uşağa yalnız bilik vermir, həm də ümumi qaydalara əməl etməyi, məsuliyyət daşımağı və kollektiv mühitdə qarşılıqlı hörmət prinsiplərinə riayət etməyi öyrədir".

Elçin Mirzəbəyli hesab edir ki, geyim qaydasına əməl olunması da bu sistemin tərkib hissəsidir. "Burada əsas məsələ qaydanın mahiyyətini şagirdə izah etmək və valideyn-məktəb əməkdaşlığını təmin etmək olmalıdır", - deyə o vurğulayıb.

Deputat bildirib ki, vahid forma siyasətinin uğurlu tətbiqi yalnız qaydanın müəyyənləşdirilməsindən asılı deyil.

"Əslində, məktəbin özünün də bir “kimliyi” var. Sinif otağı, müəllim-şagird münasibətləri, dərs prosesi, məktəbin daxili intizamı, dövlət rəmzləri və ümumi davranış qaydaları bu kimliyin tərkib hissələridir. Vahid geyim də həmin məktəb kimliyinin görünən elementlərindən biridir.

Bu mənada forma uşağın şəxsiyyətini standartlaşdırmaq üçün deyil, məktəb mühitinin ümumi çərçivəsini müəyyənləşdirmək üçün nəzərdə tutulur. Formanın uşaqlar üçün rahat, praktik və onların yaş xüsusiyyətlərinə uyğun olması da vacibdir. Bu zaman iqlim və mövsüm şəraiti, parçanın keyfiyyəti, hərəkət rahatlığı və gündəlik istifadəyə yararlılığı nəzərə alınmalıdır".

O qeyd edib ki, məktəb uşağın şəxsiyyətinin formalaşdığı, sosial münasibətləri öyrəndiyi və cəmiyyətə hazırlandığı mühüm institutdur:

"Məktəbli formasının məqsədi uşaqları bir-birinə bənzətmək deyil. Məqsəd onların məktəbə daxil olduqları andan etibarən eyni təhsil hüququna, eyni məsuliyyətə və eyni qaydalara malik olduqlarını göstərən ümumi mühit yaratmaqdır. Məktəbdə əsas fərqləndirici amil uşağın geyimi deyil, onun biliyi, bacarığı, zəhməti və şəxsiyyəti olmalıdır. Bu baxımdan məktəbli forması təhsil fəlsəfəsinin kiçik, lakin görünən elementlərindən biri kimi qiymətləndirilə bilər".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti