Azərbaycanda hidrogen sektorunun inkişafı üçün yeni mərhələyə keçilir (FOTO)

Yaşıl iqtisadiyyat Xəbər 23 Sentyabr 2026 09:54 (UTC +04:00)
Azərbaycanda hidrogen sektorunun inkişafı üçün yeni mərhələyə keçilir (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda hidrogen sektorunun inkişafı üzrə mərhələli plan müzakirə edilib.

Bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi məlumat yayıb.

Məlumata əsasən, Energetika Nazirliyinin sədrliyi ilə “Hidrogen istehsalı ilə bağlı konseptual-strateji sənəd layihəsinin hazırlanması” üzrə İşçi Qrupunun hibrid formatda növbəti iclası keçirilib.

İclasa Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev sədrlik edib.

Cavid Abdullayev bildirib ki, “Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış sənədinin Tətbiq Planı”nın həyata keçirilməsi istiqamətində aparılan işlər mühüm mərhələyə daxil olub. Ötən müddət ərzində normativ-hüquqi və tənzimləyici çərçivə, bazarın idarə olunması, infrastruktur tələbləri, təşviq mexanizmləri, bilik və bacarıqların inkişafı, eləcə də potensial hidrogen klasterləri üzrə təhlillərin aparıldığı qeyd edilib. Bildirilib ki, hazırkı mərhələdə əsas məqsəd aparılmış təhlillərin praktiki cəhətdən icra edilməsi üçün “Tətbiq Planı”nda əks etdirilməsidir.

İclas zamanı “DNV Energy Systems Germany GmbH” şirkətinin ekspertləri tərəfindən “Tətbiq Planı”nın əsas istiqamətləri üzrə təqdimatlar edilib. Hidrogen sektorunun tənzimlənməsi, standartlar və müvafiq qanunvericilik aktlarına təklif olunan dəyişikliklər, bazarın idarə olunması və tənzimlənməsi, dövlət infrastrukturu tələbləri və dövlət tərəfindən təşviq mexanizmləri barədə məlumat verilib.

Həmçinin hidrogen sektorunun inkişafı üzrə təklif olunan mərhələli yanaşma müzakirə edilib. Yanaşmaya əsasən, ilkin mərhələdə ölkədaxili pilot layihələrin və kiçikmiqyaslı hidrogen klasterlərinin formalaşdırılması, növbəti mərhələdə kommersiya miqyaslı layihələrin icrası, daha sonrakı mərhələdə isə ixrac imkanlarına malik inkişaf etmiş hidrogen bazarının formalaşdırılması nəzərdə tutulur.

İşçi Qrupun üzvləri ilə mərhələlərin icra müddətləri, o cümlədən pilot layihələrin icrası, ölkədaxili tələbatın formalaşması, infrastrukturun hazırlıq səviyyəsi və ixrac imkanlarının inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

İclasda, həmçinin təklif olunan hüquqi və tənzimləyici tədbirlər, aidiyyəti qurumların iştirakı və Tətbiq Planında nəzərdə tutulan tədbirlərin praktiki icrası ilə bağlı İşçi Qrup üzvlərinin rəy və təklifləri dinlənilib.

Sonda müzakirələrin nəticələrinin “Tətbiq Planı”nın növbəti mərhələdə təkmilləşdirilməsi zamanı nəzərə alınması və aidiyyəti istiqamətlər üzrə işlərin davam etdirilməsi barədə fikir mübadiləsi aparılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti