"ADEX 2026"da Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonu ilk dəfə milli ekspozisiyaya ayrılacaq

Cəmiyyət Xəbər 22 Sentyabr 2026 11:42 (UTC +04:00)
"ADEX 2026"da Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonu ilk dəfə milli ekspozisiyaya ayrılacaq
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

"ADEX 2026"da Azərbaycanın mövcud istehsal imkanlarını nümayiş etdirmək üçün Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonu ilk dəfə milli ekspozisiyaya ayrılacaq.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbəri Samir Ağababayev “ADEX” və “Securex Caspian” sərgilərinə həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, milli pavilyonun yaradılmasında əsas məqsəd Azərbaycanın müdafiə-sənaye kompleksinin gücünü, mövcud istehsal imkanlarını və texnoloji potensialını vahid ekspozisiya çərçivəsində daha sistemli şəkildə beynəlxalq auditoriyaya təqdim etməkdir:

“Bu format yerli qurum və şirkətlərin fəaliyyətinin daha geniş tanıdılmasına, onlar arasında əlaqələrin gücləndirilməsinə və xarici tərəfdaşlarla yeni əməkdaşlıq imkanlarının formalaşdırılmasına xidmət edəcək. Burada Azərbaycanın müdafiə sənayesi, texnologiya, kosmik sənaye və mühəndislik sahələrini təmsil edən dövlət qurumları və şirkətlər ən son məhsul və həllərini vahid pavilyonda nümayiş etdirəcəklər”.

Onun sözlərinə görə, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi sərgini dəstəkləməklə yanaşı, tabeliyindəki “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti, “Müdafiə Sənayesi Tədqiqat və İnnovasiya Mərkəzi” publik hüquqi şəxs və “MİRAS Hərbi-Sənaye Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə birgə stendlə təmsil olunacaq:

“Azərbaycan Müdafiə Nazirliyi də sərgidə ayrıca stendlə iştirak edərək fəaliyyət istiqamətlərini və imkanlarını təqdim edəcək. Sərginin genişlənən miqyası onun əhatə etdiyi ekspozisiya sahəsində də özünü göstərir. "ADEX" Bakı Ekspo Mərkəzinin qapalı sərgi sahəsi ilə yanaşı, açıq sərgi sahəsini də əhatə edəcək. Açıq sərgi sahəsində Müdafiə Nazirliyi, “Azərsilah” Müdafiə Sənayesi Holdinqi, “VLand Systems” MMC, “Improtex”, “AZDEF” və “Exclases Holdings Limited” şirkətləri geniş stendlərlə iştirak edərək ən son texnologiya və həllərini nümayiş etdirəcəklər”.

"ADEX 2026" sərgisində dəniz gəmiləri və hərbi dəniz sistemləri, hərbi geyim və ləvazimatlar, hərbi laboratoriyalar, hərbi təhsil müəssisələri və təşkilatları, ixracın təşviqi ilə məşğul olan müəssisələr, logistika xidmətləri, tibbi ləvazimatlar, mühəndislik sistemləri və qurğuları, müdafiə və təhlükəsizlik üzrə konsaltinq xidmətləri, optik-elektron avadanlıq və sistemlər, pilotsuz sistemlər, radiasiya, kimyəvi və bioloji müdafiə vasitələri, radioelektron sistemlər və C4ISR texnologiyaları nümayiş olunacaq.

Həmçinin silah istehsalı üçün avadanlıqlar, silah və sursatlar, silahların utilizasiyası üzrə vasitə və texnologiyalar, simulyatorlar və təlim sistemləri, tədqiqat institutları, təyyarə və aviasiya sistemləri, videonəzarət sistemləri və təhlükəsizlik siqnalları, zirehli döyüş nəqliyyat vasitələri və digər sahələr sərgidə təmsil ediləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti