Azərbaycan enerji saxlanc sistemi layihəsi üzrə müqavilə imzalayıb

İqtisadiyyat Xəbər 22 Sentyabr 2026 15:30 (UTC +04:00)
Azərbaycan enerji saxlanc sistemi layihəsi üzrə müqavilə imzalayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı.Trend:

Türkiyənin "YEO Technology" şirkəti və “Azərenerji” ASC yeni batareya enerji saxlanc sistemi (Battery Energy Storage System, BESS) layihəsinin həyata keçirilməsi ilə bağlı müqavilə imzalayıb.

Trend xəbər verir ki, "YEO Technology" şirkətinin məlumatına əsasən, sənəd maliyyələşdirmə daxil olmaqla “açar təslimi” şərtilə 250 MVt·st gücündə batareya enerji saxlanc sisteminin tikintisini nəzərdə tutur. Müqavilənin ümumi dəyəri 58,6 milyon dollar təşkil edir.

Layihənin maliyyələşdirilməsi yerli banklar tərəfindən EPC-F (layihələndirmə, satınalma, tikinti və maliyyələşdirmə) modeli çərçivəsində həyata keçiriləcək, ümumi ödəniş müddəti isə dörd il təşkil edəcək.

“Ümumi gücü 500 MVt·st olan və müqavilələri 2025-ci ildə imzalanan, 2026-cı ilin ikinci rübündə istismara verilən iki enerji saxlanc sistemindən sonra bu layihə Azərbaycanda enerji saxlanc sistemlərinin inkişafına əlavə töhfə verəcək”, – deyə "YEO Technology" şirkətinin məlumatında bildirilir.

Layihə çərçivəsində mühəndislik işlərinin həyata keçirilməsi, avadanlıqların təchizatı, enerji saxlanc sisteminin, enerji çevirmə sistemlərinin (PCS), batareya idarəetmə sistemlərinin (BMS) və enerji idarəetmə sistemlərinin (EMS), həmçinin yüksək gərginlikli transformator yarımstansiyasının tikintisi, quraşdırılması və istismara verilməsi, eləcə də sistemin elektrik şəbəkəsinə inteqrasiyası həyata keçiriləcək.

“Tikinti işlərinə yaxın vaxtlarda başlanılacaq və bütün sistem bir il ərzində istismara veriləcək. Layihədə istifadə olunacaq akkumulyator batareyaları qrupumuza daxil olan "REAP Battery" şirkəti tərəfindən istehsal ediləcək”, – deyə "YEO Technology"dən bildirilib.

Xatırladaq ki, 2026-cı ilin avqustunda “YEO Technology” və “Azərenerji” ASC Azərbaycanın Naxçıvan Muxtar Respublikasında 40 MVt•st gücündə batareya enerji saxlanc sisteminin (BESS) “açar təslimi” tikintisi üzrə 9,54 milyon dollar dəyərində müqavilə imzalayıb. Müqavilə çərçivəsində “YEO Technology” enerji saxlanc sisteminin mühəndislik işlərini, satınalınmasını, quraşdırılmasını və istismara verilməsini, həmçinin şəbəkəyə qoşulma və sistemin mövcud günəş elektrik stansiyasına inteqrasiyası ilə bağlı müvafiq işləri həyata keçirəcək.
Bundan əvvəl “Azərenerji” YEO Technology ilə Abşeron və Ağdaşda ümumi gücü 250 MVt, tutumu isə 500 MVt•st olan batareya enerji saxlanc sistemlərinin yaradılması üzrə 90,5 milyon dollar dəyərində müqavilə imzalayıb. Sistemlər “YEO Technology”nin törəmə şirkəti – “Reap Battery” ilə Çinin akkumulyator istehsalçısı “Great Power” şirkətinin tərəfdaşlığı çərçivəsində yaradılmış “ReapG” şirkəti tərəfindən inşa edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti