Azərbaycanda ötən il 41 mindən çox mənzil təkrar bazarda satılıb

İqtisadiyyat Press-reliz 22 Sentyabr 2026 11:19 (UTC +04:00)
Azərbaycanda ötən il 41 mindən çox mənzil təkrar bazarda satılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə Azərbaycanda təkrar mənzil bazarında 41 606 mənzilin alqı-satqısı həyata keçirilib.

Bu barədə Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən 2025-ci ili əhatə edən təkrar mənzil bazarının geniş təhlili aparılıb.

Təhlilə əsasən, təkrar bazarda satılan mənzillərin 21 629-u və ya 52 faizi yeni tikililərdə yerləşib. Sovet dövründə inşa edilmiş binalardakı mənzillər üzrə 18 865 əqd qeydə alınıb ki, bu da ümumi göstəricinin 45,3 faizini təşkil edib. Sovet dövründən əvvəl tikilmiş binalardakı mənzillərin sayı isə 1 112 və ya 2,7 faiz olub.

Ölkə üzrə rəsmiləşdirilən 41 606 əqdin böyük hissəsi Bakının payına düşüb. Paytaxtda 25 031 mənzilin alqı-satqısı rəsmiləşdirilib. Abşeron rayonunda 6 054, Sumqayıtda 3 838, Gəncədə 2 202, digər şəhər və rayonlarda isə ümumilikdə 4 481 əqd qeydə alınıb.

Təhlil notariuslar tərəfindən təsdiqlənərək daşınmaz əmlakın dövlət reyestrinə ötürülmüş alqı-satqı qiymətləri, ipoteka kreditlərinin məbləği, mənzillərin yerləşdiyi mərtəbə, otaq sayı, sahəsi və binaların xüsusiyyətləri əsasında hazırlanıb. Burada alıcıların hüquqi statusu, cinsiyyəti və yaş qrupları üzrə statistik göstəricilər də əks olunub.

Qeyd olunub ki, təkrar mənzil bazarına mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmış və sonradan notarial əqdlə satılmış mənzillər daxildir. Tikinti şirkətləri və mənzil-tikinti kooperativləri tərəfindən dövlət qeydiyyatı olmadan pay satışı və ya üzvlüyə qəbul yolu ilə həyata keçirilən əməliyyatlar təhlildə nəzərə alınmayıb.

Yaxın dövrdə təkrar mənzil bazarı üzrə 2026-cı ilin ilk yarısını əhatə edən təhlilin də açıqlanması nəzərdə tutulur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti