Bakı. Trend:
İllik inflyasiya hədəf diapazonu daxilindədir və baza ssenarisi üzrə proqnoz trayektoriyasına uyğun hərəkət edir.
Bu barədə Mərkəzi Bank məlumat yayıb.
“2026-cı ilin avqust ayında 12 aylıq inflyasiya 5.7% təşkil edib ki, bu da iyuldakı analoji göstəriciyə nəzərən 0.1 faiz bəndi aşağıdır. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7.2%, ödənişli xidmətlər üzrə 5.0%, qeyri-qida məhsulları üzrə isə 3.7% olub. İllik baza inflyasiya 5.1% təşkil edib. Mərkəzi Bankın ortamüddətli dövrdə illik inflyasiyanın hədəf diapazonu daxilində olacağı ilə bağlı proqnozu dəyişməz qalır”, - məlumatda qeyd edilib.
Vurğulanıb ki, ötən iclasdan bəri inflyasiya üzrə risk balansında əhəmiyyətli dəyişiklik müşahidə edilməyib.
“Qlobal geosiyasi qeyri-müəyyənlik fonunda enerji və ərzaq qiymətlərinin artması, eləcə də bu artımın əsas ticarət tərəfdaşlarından daxili qiymətlərə ötürülməsi riski əhəmiyyətli olaraq qalır. Bu ötürülmənin dərəcəsi digər amillərlə yanaşı, manatın nominal effektiv məzənnəsinin dinamikasından asılı olacaq. Növbəti dövrdə Mərkəzi Bankın inflyasiya proqnozlarının dəyişmə ehtimalı əsasən bu risklərin reallaşma miqyasına bağlıdır. Mövcud fiskal və pul siyasəti şəraitində daxili tələbin inflyasiya təzyiqlərini artıracağı gözlənilmir”, - məlumatda qeyd edilib.
