Mərkəzi Bank pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafikini dəyişib

İqtisadiyyat Xəbər 23 Sentyabr 2026 11:10 (UTC +04:00)
Mərkəzi Bank pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafikini dəyişib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı il üzrə pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafikinə dəyişiklik edilib.

Bu barədə Mərkəzi Bank məlumat yayıb.

Belə ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarın ictimaiyyətə açıqlanması və bununla bağlı mətbuat konfransının keçirilmə tarixi 2026-cı il noyabr ayının 4-dən oktyabr ayının 29-na dəyişdirilib.

Ekspertlərlə görüşün də həmin gündə təşkil olunması nəzərdə tutulub.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 6.5%, yuxarı həddi isə 7.5% səviyyəsində sabit saxlanılıb. Faiz dəhlizinin aşağı həddi isə 0.5 faiz bəndi azaldılaraq 5% səviyyəsində müəyyən edilib. Faiz dəhlizinin parametrlərinə dair qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın dinamikası, valyuta bazarında gedən proseslər, bank sektorunun likvidlik mövqeyinin dəyişimi, eləcə də qlobal monetar şəraitdə müşahidə olunan son meyillər nəzərə alınıb.

Bildirilib ki, faiz dəhlizinin aşağı həddinin endirilməsi bank sektorunda izafi likvidlik şəraitində banklararası pul bazarında ticarətin təşviqinə yönəlib. Dəhlizin genişlənməsinin Mərkəzi Bankın pul bazarında iştirak səviyyəsini azaltmaqla bankların öz aralarında daha aktiv əməliyyatlar aparmasına sövq edəcəyi gözlənilir. Faiz dəhlizinin yuxarı həddinin və uçot dərəcəsinin sabit saxlanılması isə inflyasiya gözləntilərinin stabilləşdirilməsinə xidmət edir.

Vurğulanıb ki, cari ilin qalan dövründə də faiz dəhlizinə dair qərarlar inflyasiya proqnozu, əsas makroiqtisadi göstəricilərin dinamikası, valyuta bazarında gedən proseslər və bank sektorunda likvidliyin dinamikası nəzərə alınmaqla qəbul ediləcək. Əlavə edilib ki, qlobal mühitdəki qeyri-müəyyənlikləri və onların daxili iqtisadiyyata ötürülmə intensivliyini nəzərə alaraq bundan sonra da makroiqtisadi göstəricilər üzrə proqnozlar bir neçə ssenari əsasında nəzərdən keçiriləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti