Bakı.Trend:
İraq hökuməti sentyabrın 30-na kimi ölkədəki silahlı birləşmələrdən 6 milyona yaxın silahı təhvil almağı planlaşdırır.
Bu barədə "Euronews" telekanalında məlumat yayılıb.
Bildirilib ki, hökumət silahlı qruplaşmaların arsenallarını təhvil verməsi üçün müəyyən edilmiş 30 sentyabr tarixini son müddət deyil, prosesin başlanğıcı kimi nəzərdən keçirib.
İraqın daxili işlər nazirinin müavini Hüseyn əl-Avadi bildirib ki, silahların dövlət nəzarətinə keçirilməsi güc tətbiq edilmədən, danışıqlar yolu ilə həyata keçirilir. Bu məqsədlə Baş nazir Əli əz-Zeydi və sabiq Baş nazir Məhəmməd əs-Sudani də daxil olmaqla dörd nəfərdən ibarət komitə yeni mexanizm hazırlayır.
“Euronews” telekanalına görə, proses ABŞ-nin təzyiqləri fonunda aparılır. Vaşinqton iyunda Bağdaddan silahların dövlət nəzarətinə keçirilməsi üzrə konkret qrafik tələb edib və məsələdə irəliləyişi İraqın dollar axınlarına çıxışı ilə əlaqələndirib.
Məsələnin mərkəzində əsasən İranın dəstəklədiyi şiə silahlı qruplaşmaları dayanır. Onların bir hissəsi Xalq Səfərbərlik Qüvvələri (PMF) çətiri altında fəaliyyət göstərir.
İranın müttəfiqləri olan “Kataib Hizbullah” və “Hərəkat ən-Nucəba” qruplaşmaları isə “müqavimət silahları” adlandırdıqları arsenalları təhvil verməkdən imtina edib. Bununla yanaşı “Sarayə əl-Salam”, “Əsaib Əhl əl-Həq” və “Kətaib İmam Əli” isə hökumətlə silahların təhvil verilməsi və ya statuslarının qanuniləşdirilməsi barədə razılığa gəliblər.
