REPO bazarında dövlət istiqrazlarının payı 93%-ə yüksəlib

İqtisadiyyat Xəbər 22 Sentyabr 2026 11:17 (UTC +04:00)
REPO bazarında dövlət istiqrazlarının payı 93%-ə yüksəlib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin I yarısında Azərbaycanda REPO bazarının ümumi dövriyyəsi 21,57 mlrd manat təşkil edib.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bu barədə Bakı Fond Birjası tərəfindən 2026-cı ilin II rübü üzrə hazırlanan “Q2 2026: Azərbaycan və Qlobal İqtisadiyyata və Kapital Bazarlarına Baxış” bülleteninin təqdimatında bildirilib.

Bülletenə əsasən, I yarımildə REPO dövriyyəsi illik müqayisədə 30,9 faiz azalıb. Azalma əsasən girov kimi korporativ qiymətli kağızlardan istifadə olunan REPO əməliyyatlarının həcminin 11,85 mlrd manatdan 0,96 mlrd manata enməsi ilə əlaqəli olub.

Eyni zamanda, dövlət istiqrazları əsasında aparılan REPO əməliyyatlarının dövriyyəsi 19,25 mlrd manatdan 19,97 mlrd manata yüksəlib. Nəticədə dövlət istiqrazlarının payı I yarımil üzrə ümumi REPO dövriyyəsinin təxminən 93 faizini təşkil edib. Azərbaycan Respublikası Mərkəzi Bankının (ARMB) notları üzrə REPO dövriyyəsi 0,62 mlrd manat, ipoteka istiqrazları üzrə isə 0,02 mlrd manat olub.

2026-cı ilin II rübündə REPO dövriyyəsi 10,81 mlrd manat təşkil edib. Bu göstərici I rübdəki 10,75 mlrd manatla müqayisədə cüzi artıb, lakin 2025-ci ilin II rübü ilə müqayisədə 25,5 faiz azalıb. Aylıq göstərici isə mart ayında 2,78 mlrd manatdan iyunda 4,07 mlrd manata yüksəlib.

REPO bazarında əməliyyatların müddət strukturunda da dəyişiklik qeydə alınıb. 4–7 günlük əməliyyatlar 2026-cı ilin I yarısında əsas seqment olaraq qalıb. Bu müddət üzrə əməliyyatların ümumi REPO dövriyyəsində payı ötən ilin eyni dövründəki 54,2 faizdən 81,5 faizə yüksəlib. Sözügedən əməliyyatların dövriyyəsi 17,58 mlrd manat, əqdlərin sayı isə 2 580 olub.

Bunun əksinə, 1–3 günlük REPO əməliyyatlarının payı 31,6 faizdən 6 faizə, dövriyyəsi isə 9,88 mlrd manatdan 1,29 mlrd manata düşüb. 8–15 günlük əməliyyatlar ümumi dövriyyənin 10,4 faizini təşkil edib, 15 gündən artıq müddətli əməliyyatlarda isə aktivlik aşağı səviyyədə qalıb.

Bülletendə kapital bazarının digər mühüm hadisəsi kimi PAŞA Bankın iyunun 19-da həyata keçirdiyi ilkin kütləvi təklif (İKT) də qeyd olunub. Bu, Azərbaycanın özəl sektorunda ilk, ölkənin kapital bazarı tarixində isə ikinci İKT olub.

Yerləşdirmə nəticəsində 51,31 mln manat vəsait cəlb edilib. İnvestorların təqdim etdiyi sifarişlərin ümumi həcmi 66,30 mln manat olmaqla təklif olunan həcmdən 1,29 dəfə çox olub. İKT-də 17 960 investor iştirak edib.

Bundan əlavə, 2026-cı ilin I yarısında Bakı Fond Birjasının ən aktiv brokerləri arasında "ABB Invest", "Troni" və "PAŞA Kapital" yer alıb. Təkrar bazar əməliyyatlarının sayına görə "ABB Invest" 8 560 əməliyyatla ilk sırada olub, "Troni" 5 059, "PAŞA Kapital" isə 1 227 əməliyyat həyata keçirib. Market-meyker əməliyyatlarının sayına görə Troni 5 053 əməliyyatla öndə olub. Underaytinq xidmətlərinin sayında isə "PAŞA Kapital" 4 xidmətlə ən yüksək göstəriciyə sahib olub.

Xəbər lenti

Xəbər lenti