Bakı. Trend:
Azərbaycanın milli-mədəni irsinin formalaşması və dünyaya təqdim edilməsində dahi şəxsiyyətlərin yaradıcılığı xüsusi yer tutur. Bu baxımdan böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin irsi yalnız klassik ədəbiyyat tarixinin deyil, bütövlükdə milli-mədəni yaddaşın mühüm sütunlarından biridir.
Nəsiminin əsrlər keçməsinə baxmayaraq, müasir Azərbaycan mədəniyyətində yaşaması təsadüfi deyil. Onun irsi bir tərəfdən Azərbaycan ədəbi dilinin inkişafının mühüm mərhələsini təcəssüm etdirirsə, digər tərəfdən insan, azad fikir, mənəvi kamillik və humanizm haqqında ideyaları ilə milli sərhədləri aşaraq ümumbəşəri məzmun qazanıb.
Prezident İlham Əliyevin 2018-ci il noyabrın 15-də imzaladığı Sərəncamda da Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından biri kimi xarakterizə edilir. Sənəddə şairin insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyət azadlığını tərənnüm etdiyi, Azərbaycan dilində poeziyanın yeni məzmun və ifadə imkanları ilə zənginləşməsində müstəsna xidmət göstərdiyi vurğulanır.
Azərbaycan dilindən dünya mədəniyyətinə uzanan yol
Nəsimi fenomeninin əsas xüsusiyyətlərindən biri onun poeziya ilə fəlsəfi düşüncəni vahid yaradıcılıq sistemində birləşdirə bilməsidir. Onun əsərlərində insan sadəcə poetik qəhrəman deyil, dünyanın və mənəvi düşüncənin mərkəzində dayanan varlıqdır.
Nəsiminin Azərbaycan dilində mürəkkəb fəlsəfi anlayışları yüksək poetik səviyyədə ifadə etməsi milli ədəbi dilin inkişafında mühüm hadisə idi. Prezident İlham Əliyevin Nəsiminin 650 illiyi ilə bağlı Sərəncamında şairin üslubunun orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirdiyi bildirilir.
Nəsimi irsinin beynəlxalq miqyasda təqdim olunmasının mühüm mərhələsi ötən əsrin 70-ci illərinə təsadüf edir. Şairin 600 illik yubileyi UNESCO-nun tədbirləri siyahısına daxil edilərək 1973-cü ildə beynəlxalq səviyyədə qeyd olunub. Sonrakı dövrdə onun əsərləri daha geniş tədqiq edilib, ədəbiyyat və incəsənətdə obrazı yaradılıb, 1979-cu ildə isə Bakıda abidəsi ucaldılıb.
Beləliklə, Nəsimi tədricən yalnız klassik ədəbiyyatın öyrənilən nümayəndəsi deyil, Azərbaycanın dünyaya təqdim etdiyi əsas mədəni simalardan birinə çevrilib.
Nəsimi adı Azərbaycanın ictimai-mədəni məkanında
Nəsimi irsinin yaşadılmasının başqa bir istiqaməti onun adının Azərbaycanın ictimai və mədəni məkanında əbədiləşdirilməsidir.
Bakının rayonlarından biri Nəsiminin adını daşıyır. Paytaxtda onun adını daşıyan küçə və metro stansiyası var. Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutuna da şairin adı verilib. Bakının mərkəzində ucaldılan monumental abidə isə artıq onilliklərdir paytaxtın mədəni simvollarından biridir.
Bu faktlar göstərir ki, şairin adı şəhər toponimikasından elmə, ədəbiyyatdan monumental sənətə qədər müxtəlif istiqamətlərdə milli yaddaşın bir hissəsinə çevrilib.
2017-ci ildə UNESCO-nun Parisdəki baş qərargahında Nəsiminin vəfatının 600 illiyinin qeyd edilməsi, 2018-ci ildə isə Azərbaycanda ilk Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalının keçirilməsi bu irsin beynəlxalq və müasir mədəni müstəvidə təqdimatını davam etdirib.
“Nəsimi ili” – milli irsə dövlət səviyyəsində münasibət
Nəsimi irsinin təbliğində xüsusi mərhələ 2019-cu il oldu. Prezident İlham Əliyevin 11 yanvar 2019-cu il tarixli Sərəncamı ilə həmin il Azərbaycanda “Nəsimi ili” elan edildi. Bundan əvvəl Prezident İlham Əliyev şairin 650 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi barədə Sərəncam imzalamışdı.
“Nəsimi ili” çərçivəsində həyata keçirilən layihələr şairin irsinin yalnız klassik ədəbiyyat çərçivəsində təqdim olunmadığını göstərdi. Bakıda və Şamaxıda təşkil olunan festival tədbirlərində Nəsiminin poeziyası və fəlsəfi ideyaları müxtəlif incəsənət növləri vasitəsilə təqdim edildi.
Həmin il Nəsiminin 650 illiyi münasibətilə ölkə üzrə bir gündə 650 min ağac əkilməsi də diqqətçəkən təşəbbüslərdən oldu. Aksiya 83 şəhər və rayonu əhatə etdi, Şamaxıda isə 50 minədək ağac əkildi.
Beləliklə, Nəsiminin adı ədəbi-mədəni irslə yanaşı, ekologiya və ictimai məsuliyyət ideyaları ilə də əlaqələndirildi.
Şamaxıda Nəsimi irsinə yeni baxış
Bu tarixi-mədəni xəttin müasir davamını Şamaxıda yeni istifadəyə verilmiş “Nəsimi Bağları” kompleksində görmək mümkündür. Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də kompleksdə yaradılmış şəraitlə tanış olublar.
120 hektarlıq ərazini əhatə edən kompleks ənənəvi memorial məkan konsepsiyasından fərqlənir. Burada turizm, mədəniyyət, incəsənət, ekologiya və rekreasiya elementləri vahid məkanda birləşdirilib.
Kompleksdə Şamaxının qədim və müasir tarixini, mədəni irsini əks etdirən muzey, turizm-informasiya mərkəzi, istirahət və iaşə obyektləri, tematik məkanlar yaradılıb. Ərazidə 20 kottecdən, qeydiyyat binasından və hovuzdan ibarət şəhərcik də salınıb.
Burada “Magic Village” adı verilən, hobbit evləri üslubunda inşa olunan tematik evlər, “Honey Nest” kafesi, geniş uşaq oyun meydançası və 9 metr hündürlüyündə baxış qülləsi yerləşir. Azərbaycanda ilk və yeganə ixtisaslaşmış kapibara ferması – “Capybara Land” də kompleksin tərkibində fəaliyyət göstərir.
Diqqətçəkən məqamlardan biri kompleksdə Azərbaycan, eləcə də xarici rəssam və heykəltaraşların yaratdığı 100-dən artıq əsər və instalyasiyanın nümayiş etdirilməsidir.
Ərazidə şam ağacları, üzüm bağları, müxtəlif dekorativ bitkilər, eləcə də sürətlə böyüyən ağac növlərindən olan pavlovniya daxil olmaqla 150 mindən çox ağac və bitkinin əkilməsi isə kompleksin geniş yaşıllıq və rekreasiya məkanı kimi formalaşdırıldığını göstərir.
21 metrlik Nəsimi – tarixi şəxsiyyətin müasir sənətdə təqdimatı
Kompleksin əsas mədəni elementlərindən biri İmadəddin Nəsimiyə həsr edilmiş 21 metr hündürlüyündə monumental instalyasiyadır. Abidə nəhəngliyi ilə diqqət çəkir və Şamaxının bir çox yerindən görünür.
Burada mühüm məqam Nəsimi obrazının ənənəvi monumental heykəltaraşlıqdan fərqli formada təqdim edilməsidir. Poliqonal formalardan ibarət və əsasən metaldan hazırlanan instalyasiya eyni zamanda interaktiv məkandır.
Ziyarətçilər pilləkənlərlə qalxaraq abidənin daxilindən – ürək zonasından keçə, daha sonra xüsusi baxış nöqtəsindən Şamaxı mənzərəsini seyr edə bilirlər. İnstalyasiyanın layihələndirilməsi təxminən bir il, hazırlanması və yerində quraşdırılması isə dörd ildən çox vaxt aparıb. Konstruksiyada seysmik sütunlar da daxil olmaqla təhlükəsizlik tələbləri nəzərə alınıb.
Bu yanaşma milli irsin gələcək nəsillərə ötürülməsi baxımından yeni model kimi diqqət çəkir. Tarixi şəxsiyyət yalnız muzey eksponatı və ya klassik abidə çərçivəsində qalmır, müasir insanın görə, hiss edə və bilavasitə daxil ola bildiyi mədəni məkanın mərkəzinə gətirilir.
Kompleksdə Nəsimiyə həsr edilmiş triptix də bu konsepsiyanı tamamlayır. Kompozisiyada Nəsimi, onun müəllimi Nəimi və tələbələri, həmçinin Şirvanşahlar dövrünün memarlığına, kitaba və elmə aid elementlər əksini tapıb.
Nəsimi irsi – keçmişdən gələcəyə uzanan milli yaddaş
Nəsiminin irsinin əsrlər sonra aktuallığını qoruması onun yaratdığı poetik-fəlsəfi sistemin universallığı ilə bağlıdır. İnsan ləyaqəti, mənəvi kamillik, məhəbbət və azad düşüncə kimi anlayışlar konkret tarixi dövrlə məhdudlaşmır.
Bu gün Azərbaycanda Nəsiminin adını daşıyan rayon, küçə, metro stansiyası və elmi institutun olması, Bakıda monumental abidəsinin ucalması, yaradıcılığına həsr edilmiş beynəlxalq tədbirlərin keçirilməsi və Şamaxıda onun adını daşıyan yeni mədəni-turizm məkanının yaradılması vahid bir xəttin ayrı-ayrı elementləridir.
Bu xətt Nəsimi irsinin sadəcə qorunmasını deyil, onun müasir dövrün imkanları ilə yenidən təqdim edilməsini nəzərdə tutur.
Şamaxıdan başlayan Nəsimi sözü əsrlər ərzində Azərbaycanın sərhədlərini aşaraq daha geniş mədəni coğrafiyaya yayılıb. İndi həmin irsin öz tarixi-mədəni məkanında yeni sənət formaları, müasir memarlıq, turizm və ekoloji yanaşma ilə yaşadılması milli irsin gələcəyə ötürülməsinin müasir modelini formalaşdırır.
