Bakı.Trend:
CNN telekanalı, MS NOW telekanalı və “Politico” nəşri jurnalistlərinin Ağ Evə giriş imkanlarının bərpa edilməsi tələbi ilə ABŞ Prezidenti Donald Tramp administrasiyasına qarşı məhkəməyə müraciət edib.
Bu barədə KİV-lərin birgə bəyanatında bildirilib.
Qeyd olunub ki, iddia ABŞ Konstitusiyasının mətbuat azadlığına təminat verən Birinci düzəlişinə əsaslanır. Üç media qurumu bildirib ki, hüquqlarını və dövlətin mətbuatın nə dərc edəcəyinə qərar verməməsi prinsipini qorumaq məqsədilə məhkəməyə müraciət etdikləri barədə hökuməti məlumatlandırıblar.
“Xəbərdarlıq etmədən və hər hansı prosedura əməl olunmadan Ağ Ev materiallarımızla razılaşmadığı üçün jurnalistlərimizin akkreditasiyalarını ləğv edib. Buna etiraz edilmədiyi təqdirdə, bu, mətbuat azadlığı və ictimaiyyətin dövlət müdaxiləsindən azad, müstəqil jurnalistikaya çıxış hüququ üçün təhlükə yarada bilər”, – deyə bəyanatda qeyd olunub.
Ötən həftə Tramp qeyd olunan KİV-lərin jurnalistlərini onun administrasiyası haqqında yalan məlumatlar yaydıqları üçün Ağ Evə girişdən məhrum etdiyini açıqlayıb. O, ABŞ administrasiyası rəhbərinin iqamətgahına girişinə qadağa qoyulan KİV-lərin siyahısının genişləndirilə biləcəyini bildirib, lakin qərarını ləğv edə biləcəyini də istisna etməyib.
