Bakı. Trend:
Paytaxtımızda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarələri Rəhbərləri Şurasının 7-ci Görüşü ortaq dəyərlərin qorunması və Türk-İslam mədəni irsinin təşviqi, eləcə də radikalizm və ekstremizmlə mübarizə baxımından mühüm əhəmiyyət daşıyır. Görüş çərçivəsində qəbul edilən “Bakı Bəyannaməsi” həm Türk dünyası, həm də İslam ölkələri ilə gələcək əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində mühüm addım oldu.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.
Millət vəkili bildirib ki, görkəmli şəxsiyyət və mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans dini və mədəni əlaqələrin daha da möhkəmləndirilməsi, ortaq irsin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
O qeyd edib ki, 2017-ci ildə Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, İslam Əməkdaşlıq Təşkilatı və İCESCO ilə əməkdaşlıq çərçivəsində müxtəlif tədbirlərin təşkil olunması, eləcə də gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün Bakıda keçirilməsinin nəzərdə tutulması Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsinə verdiyi töhfələrin davamlı xarakter daşıdığını göstərir.
Deputat diqqətə çatdırıb ki, Ermənistanın 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlaması yalnız ərazi işğalı ilə məhdudlaşmayıb, bu dövrdə ölkəmizin zəngin tarixi-mədəni irsinə, o cümlədən məscidlərə və digər dini abidələrə qarşı da ciddi dağıntılar törədilib. Prezident İlham Əliyev çıxışında işğal dövründə 65 məscidin ermənilər tərəfindən tamamilə dağıdıldığını diqqətə çatdıraraq, bunun yalnız Azərbaycan xalqına deyil, bütövlükdə İslam dünyasına qarşı yönəlmiş təhqir olduğunu vurğulayıb.
S.Məmmədov qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri həmin torpaqlara yenidən həyat gətirir. Dövlət başçısının müəyyən etdiyi siyasətə uyğun olaraq, azad edilmiş ərazilər bu gün sürətlə yenidən qurulur, tarixi siması və əvvəlki həyat ritmi bərpa edilir:
“Bərpa-quruculuq işləri çərçivəsində diqqət yetirilən ilk dini abidələrdən birinin Ağdam Cümə məscidi olması da xüsusi əhəmiyyət daşıyır. İşğal nəticəsində dağıdılmış 12 məscidimizin artıq bərpası və yenidən istifadəyə verilməsi dövlətimizin dini irsimizin qorunmasına verdiyi əhəmiyyətin göstəricisidir. Bu təşəbbüslər, eyni zamanda, tarixi-mədəni irsimizin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır”.
