Bakı. Trend:
Sentyabrın 20-si Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. 2024-cü ildən etibarən bu tarix ölkəmizdə Dövlət Suverenliyi Günü kimi qeyd olunur. Bu günün təsis edilməsi Azərbaycanın müasir tarixində baş vermiş mühüm hadisələrlə bağlıdır. 2024-cü il sentyabrın 19-da Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Bu tarixin sentyabrın 20-nin seçilməsi isə təsadüfi deyil. Məhz 2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpası təmin edilib.
Bu günün arxasında uzun və çətin bir tarix dayanır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkənin qarşılaşdığı əsas problemlərdən biri Ermənistanın hərbi təcavüzü və ərazilərimizin işğalı olub. 1990-cı illərin əvvəllərində başlayan münaqişə nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsi işğal edilib. Nəticədə yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından didərgin düşüb. İşğal illəri Azərbaycan xalqı üçün ağır faciələrlə yadda qalıb. Şəhər və kəndlər dağıdılıb, tarixi və mədəni irsə ciddi ziyan vurulub. Xocalıda törədilən qətliam isə həmin dövrün ən ağır faciələrindən biri kimi xalqımızın yaddaşında silinməz iz qoyub. Bütün bunlara baxmayaraq, Azərbaycan uzun illər ərzində problemin sülh yolu ilə həll olunmasının tərəfdarı olub və bunun üçün çalışıb. Beynəlxalq təşkilatlar da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərarlar qəbul edib. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamədə işğal olunmuş ərazilərdən qüvvələrin çıxarılması və münaqişənin həlli ilə bağlı tələblər irəli sürülüb. Lakin uzun müddət bu qərarlar icra edilməyib, əksinə gözardı edilib.
İllər keçdikcə vəziyyət dəyişməyə başladı. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük müharibə Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. Müharibə nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan sonra bölgədə yeni vəziyyət yarandı. Bu proses 2023-cü ilin sentyabrında yeni mərhələyə keçdi. Sentyabrın 19-da Azərbaycan Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirlərinə başladı. Əməliyyatın əsas məqsədi erməni qanunsuz silahlı birləşmələrinin zərərsizləşdirilməsi və Azərbaycanın konstitusiya quruluşunun bərpa olunması idi. Əməliyyat təxminən 23 saat davam etdi və sentyabrın 20-də dayandırıldı. Hərbi əməliyyatların aparıldığı bir şəraitdə mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi və mümkün zərərin qarşısının alınması ilə bağlı verilən göstərişlər Azərbaycan tərəfinin humanitar məsələlərə diqqət yetirdiyini göstərən faktlardan biri idi. 2023-cü il antiterror tədbirlərinə aparan yol isə 2020-ci il Zəfərindən sonrakı mərhələdə baş verən hadisələrlə sıx bağlı idi. 44 günlük müharibədə əldə olunan nəticələrdən sonra bölgədə vəziyyətin dəyişməsi, sonrakı dövrdə yüksəkliklər üzərində nəzarətin təmin olunması Azərbaycanın hərbi və diplomatik strategiyasının əsas istiqamətləri ilə əlaqələndirilirdi. Azərbaycan rəhbərliyi həm diplomatik müstəvidə öz mövqeyini beynəlxalq tərəfdaşlara çatdırır, həm də bölgədə təhlükəsizliyin təmin olunması üçün hərbi imkanlarını gücləndirirdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi diplomatik və hərbi strategiya bu prosesin mühüm siyasi və hərbi istiqamətlərindən biridir. Beləliklə, 2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpası ilə bağlı yeni mərhələ başlandı.
Suverenlik sadəcə dövlət sərhədlərinin mövcudluğu demək deyil. Dövlətin öz ərazisində qanunlarını tətbiq etməsi, idarəetməni həyata keçirməsi və mühüm qərarları müstəqil şəkildə qəbul etməsi də suverenliyin əsas göstəricilərindəndir. Bu günün qeyd olunması keçmişi xatırlamaqla yanaşı, gələcək üçün də mühüm mesaj verir. Dövlət müstəqilliyi və suverenlik hər bir ölkənin əsas dayaqlarından biridir. Azərbaycan üçün 20 Sentyabr uzun illər davam edən mürəkkəb tarixi prosesdən sonra ölkənin bütün ərazisində dövlət hakimiyyətinin təmin olunmasını ifadə edən bir tarixdir.
20 Sentyabr Azərbaycan xalqı üçün yalnız tarixi bir hadisənin xatırlandığı gün deyil. Bu tarix müstəqilliyin, dövlətçiliyin və milli iradənin əhəmiyyətini bir daha bizə xatırladır. Bir vaxtlar işğal altında olan torpaqlarda bu gün Azərbaycan bayrağının dalğalanması, insanların öz yurdlarına qayıtması və həmin ərazilərdə yeni həyatın qurulması keçilmiş yolun ən mühüm nəticəsidir. Bu yol bizə göstərir ki, dövlətin gücü yalnız onun sərhədləri ilə deyil, həmin sərhədlər daxilində yaşayan insanların öz dövlətinə olan bağlılığı və inamı ilə də ölçülür.
Bu gün keçmişimizə hörmət, bugünümüzə qiymət, gələcəyimizə məsuliyyət deməkdir. Bu tarix şəhidlərimizin xatirəsini yaşatmaq, onların uğrunda can verdiyi dəyərləri qorumaq və dövlət müstəqilliyinin əhəmiyyətini gələcək nəsillərə çatdırmaq üçün mühüm bir gündür. Azərbaycanın dövlətçilik tarixində yeni səhifə açılıb və bu səhifənin əsas məqsədi əldə olunan suverenliyi qorumaq, ölkəni daha da inkişaf etdirmək və gələcək nəsillərə daha güclü Azərbaycan miras qoymaqdır. Dövlət Suverenliyi Günü məhz bu yolun və gələcəyə yönəlmiş ümidlərin rəmzi olaraq daim yaşayacaq.
