Bakı. Trend:
"PAŞA Bank”ın hazırda hər hansı yerli və ya xarici bankı almaqla bağlı planı yoxdur.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu “PAŞA Bank”ın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev bankın 2026-cı ilin ilk 6 ayı üzrə fəaliyyətinin nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, bankın hazırkı əsas strategiyası Türkiyə və Gürcüstandakı törəmə bankları ilə Azərbaycan arasındakı iqtisadi əlaqələrin və ticarətin maliyyələşdirilməsinin inkişaf etdirilməsidir.
“Hazırda hər hansı yerli və ya xarici bankın alınması ilə bağlı planımız yoxdur. Bizim əsas fokusumuz Azərbaycan, Türkiyə və Gürcüstan arasında ticarətin maliyyələşdirilməsidir. Bildiyiniz kimi, "PAŞA Bank"ın Türkiyədə və Gürcüstanda törəmə bankları fəaliyyət göstərir. Növbəti strateji dövr ərzində də əsas məqsədimiz bu üç ölkə arasındakı iqtisadi əlaqələr və ticarət maliyyələşdirilməsi istiqamətində inkişafı təmin etmək olacaq”, – deyə Bəhruz Nağıyev qeyd edib.
"PAŞA Bank" rəsmisi Azərbaycanda bank sektorunda baş verən birləşmə və konsolidasiya proseslərinə də münasibət bildirib.
Onun sözlərinə görə, güclü və iri bankların formalaşması sektorda rəqabətin artmasına səbəb ola bilər.
“Ümumilikdə bank sektorunda atılan bu addımları yüksək qiymətləndiririk. Böyük və güclü bankların formalaşması müsbət haldır. Çünki bu, rəqabətin artması deməkdir. Rəqabətin artması fonunda isə əsas faydanı müştəri əldə edir və etməlidir”, – deyə o bildirib.
Bəhruz Nağıyev qeyd edib ki, bank sektorunda konsolidasiya prosesləri müxtəlif maliyyə institutlarını əhatə edə bilər.
“Burada PAŞA Bank, Azərbaycan Beynəlxalq Bankı, Kapital Bank və digər banklar da daxil olmaqla, bütün sektor nəzərdə tutulur. Rəqabətin artması istər-istəməz inkişafa təkan verəcək. Banklar tərəfindən belə birləşmələr həyata keçirilirsə və ya gələcəkdə keçiriləcəksə, biz bunu dəstəkləyirik”, – deyə bank rəsmisi əlavə edib.
