Bakı. Trend:
Azərbaycanın müasir tarixində Daxili İşlər Nazirliyinin Daxili Qoşunların özünəməxsus xidmət və döyüş yolu var. Dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ictimai asayişin və təhlükəsizliyin qorunması, vətəndaşların hüquq və azadlıqlarının təmin olunması ilə yanaşı, hərbi qulluqçuları da müxtəlif dövrlərdə Vətənin müdafiəsi ilə bağlı qarşıya qoyulan tapşırıqları da yerinə yetiriblər. DİN Daxili Qoşunların şəxsi heyəti xidmət etdiyi bütün illərdə hərbi anda, dövlətə və xalqa sədaqət nümunəsi göstərib. Bu ənənə 2020-ci il Vətən müharibəsində, eləcə də 2023-cü ilin sentyabrında Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı bir daha özünü göstərdi. Həmin döyüşlərdə şəhid olan hərbi qulluqçular arasında Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri Camal Səmədov da vardı.
Camal Səmədov 1991-ci il iyulun 11-də Neftçala rayonunun Xolqarabucaq kəndində anadan olub. Onun hərbi xidmət yolu 2009-cu ilin oktyabrında başlayıb. O, 2011-ci ilin aprelində hərbi xidmətdən ehtiyata buraxılıb. Lakin ordu sıralarından ayrılması onun hərbi xidmət yolunun sonu olmayıb. Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq qərarına gələn Camal Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarını seçib. 2013-cü il martın 29-da onun xidmətə qəbul olunması ilə bağlı müvafiq əmr imzalanıb. Əvvəlcə xüsusi vasitələrin tətbiqi bölməsində, daha sonra post-patrul xidməti bölməsinin xüsusi vasitələrin tətbiqi qrupunda atıcı kimi fəaliyyət göstərib. Silahdaşlarının xatirələrində Camal xidmətinə ciddi yanaşan, üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirən hərbi qulluqçu kimi qalıb. Onun xidmətinə verilən qiymətlərdən biri də Daxili işlər nazirinin 29 iyun 2022-ci il tarixli müvafiq əmri ilə III dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif olunması idi.
2020-ci ildə başlayan Vətən müharibəsi Camalın xidmət həyatında yeni bir mərhələ açdı. Həmin günlərdə o, Gəncə şəhərində və Gədəbəy rayonunda komendant postlarında xidmət aparıb. Müharibənin ən ağır günlərində Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin raket atəşinə tutulması nəticəsində yaşayış evləri dağılıb, dinc sakinlər arasında ölən və yaralananlar olub. Camal və silahdaşları həmin günlərdə özlərini düşünmədən vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün xidmətlərini davam etdiriblər. Müharibənin sonunadək Daxili Qoşunların şəxsi heyəti ön cəbhəyə göndərilməyə hazır vəziyyətdə olub. Qələbədən sonra isə Camalın xidmət yolu işğaldan azad edilmiş ərazilərlə davam edib. Müxtəlif vaxtlarda Füzuli, Cəbrayıl, Zəngilan, Laçın, Kəlbəcər və Ağdam rayonlarına, Şuşa şəhərinə, eləcə də Suqovuşana ezam olunaraq təhlükəsizlik tədbirlərinin təmin edilməsində iştirak edib. Müharibədən sonrakı dövrdə azad edilmiş ərazilərdə xidmət aparmaq da onun hərbi fəaliyyətinin mühüm hissəsinə çevrilib.
2023-cü ilin sentyabrında isə Camal Səmədov xidmət yolunun ən ağır sınağı ilə üzləşdi. Sentyabrın 19-dan 20-dək Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Daxili Qoşunların şəxsi heyəti qarşıya qoyulan tapşırıqların icrasına cəlb olunmuşdu. Həmin vaxt xüsusi vasitələrin tətbiqi dəstəsinin hərbi qulluqçuları da döyüş tapşırığı yerinə yetirirdilər.
Silahdaşlarının bildirdiyinə görə, sentyabrın 20-nə keçən gecə xüsusi vasitələrin tətbiqi dəstəsinin komandiri polkovnik-leytenant Rəşad Hüseynovun rəhbərliyi ilə şəxsi heyət Laçın rayonunun Nağdalı kəndindən Kəlbəcər rayonunun Vəngli kəndi istiqamətində hərəkət edib. Müəyyən edilmiş hüdudlara çatmamış hərbi qulluqçular gözlənilməz hücuma məruz qalıblar. Döyüş zamanı bəzi hərbi qulluqçular yaralanıb. Buna baxmayaraq, şəxsi heyət hərəkəti davam etdirib. Vəngli kəndinə az məsafə qalmış hərbi qulluqçular yenidən hücuma məruz qalıblar. Yolun kənarlarında mövqe tutan ermənilər müxtəlif çaplı silahlardan atəş açıb, qumbara atıblar. Ağır döyüş şəraitində hərbi qulluqçular müdafiə olunaraq qarşı tərəfin atəş nöqtələrini susdurmağa çalışıblar. Döyüş zamanı Camal Səmədov pulemyotla atəş açaraq silahdaşlarının irəliləməsinə şərait yaradıb. Həmin döyüş onun son döyüşü olub. Camal bədəninin müxtəlif nahiyələrindən ağır yaralansa da, son nəfəsinədək pulemyotla düşmənə atəş açıb.
Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 2023-cü il tarixli müvafiq sərəncamları ilə əsgər Camal Səmədov ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.
Camalın Vətənə xidmət yolu ailəsi üçün də təsadüfi deyildi. Atası V.Səmədov, əmiləri Babaxan və İlqar Səmədov, qaynatası Şahmar Səfərov Birinci Qarabağ müharibəsində ön cəbhədə döyüşüblər. Babaxan Səmədov və Şahmar Səfərov həmin müharibədən qazi kimi qayıdıblar.
Camalın əmisi oğlu Yadigar Səmədov və qaynı İlqar Səfərov da Vətən müharibəsinin iştirakçılarıdır. Atasının müharibə xatirələri, döyüşlər və Vətən qarşısında borc barədə danışdıqları Camalın yaddaşında qalıb. Sonralar özü də hərbi formanı geyinərək bu yolu davam etdirib. Onun həyatının son səhifəsi 2023-cü ilin sentyabrında döyüş meydanında yazıldı. Cəmi 32 il ömür sürən Camal Səmədov arxada iki övlad, ailə, doğmaları və illərlə birgə xidmət etdiyi silahdaşlarını qoydu. Lakin onun keçdiyi xidmət yolu və son döyüşdə göstərdiyi şücaət yaddaşlarda qalacaq.
Atası V.Səmədovun sözləri isə bu xatirənin ailə üçün nə qədər böyük məna daşıdığını ifadə edir: “Şəhidləri unutmayın. Qələbəmizi onlara borcluyuq. İgid oğulların qanları tökülən Vətən torpağını göz bəbəyi kimi qoruyun. Üçrəngli bayrağımız daim zirvələrdə dalğalansın!”