Bakı.Trend:
"Wikileaks"platformasının təsisçisi Culian Assanj iki ildən sonra ilk dəfə olaraq "X" səhifəsində paylaşım edib.
Paylaşımda o "Mən qayıtdım",-deyə yazıb. Onun repost etdiyi ""Wikileaks" paylaşımında Assanjın fotoşəkli də yer alır.
Qeyd edək ki, Avstraliya vətəndaşı Assanj barədə təhqiqat 2010-cu ilin yayında, onun Stokholmda olduğu vaxt seksual təcavüz etməsi iddiası əsasında başlamışdı. Həmin ilin dekabrında "Wikileaks"In banisi İsveç hüquq mühafizə orqanlarının sorğusu üzrə Londonda həbs olunmuş, lakin bir neçə gündən sonra girov müqabilində azadlığa buraxılmışdı.
2012-ci ildə İsveçin ona qarşı seksual cinayət ittihamından sonra Ekvadorun Londondakı səfirliyinə sığınan Assanj orada təxminən yeddi il gizlənib. 2019-cu il aprelin 11-də Britaniya polisi onu Ekvador hökumətinin razılığı ilə həbs edib.
Assanj 24 iyun 2024-cü ildə Londonun Belmarş həbsxanasından azadlığa çıxıb. Daha sonra o, Böyük Britaniyanı tərk edib. Həmin il iyunun 25-də Şimali Marian adalarında məhkəmə qarşısında casusluq ittihamını qəbul edib və işə xitam verilib.
