Bakı.Trend:
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, Moskva Ermənistanın Avropa İttifaqına üzvlüyə yönəlmiş kursunu maliyyələşdirmək niyyətində deyil. Onun sözlərinə görə, Ermənistanın bu istiqamətdə atacağı hər bir addımın obyektiv nəticələri olacaq.
Bu barədə TASS məlumat yayıb.
“Rusiya Prezidenti Vladimir Putin bizim buna münasibətimizi tamamilə birmənalı şəkildə ifadə edib — İrəvan öz kursunu müəyyənləşdirməli və Aİ-yə üzvlüklə bağlı, yaxud Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalmaqla bağlı referendum keçirməlidir. Vurğulamaq istəyirəm: Rusiya Ermənistanın avrointeqrasiyasını maliyyələşdirməyə hazır deyil və bunu etməyəcək. Bu istiqamətdə atılan hər bir addımın obyektiv nəticələri olacaq”, – deyə Şoyqu qeyd edib.
Şoyqu Ermənistan hakimiyyətinin NATO ilə əməkdaşlığı genişləndirmək istəyini də qeyd edib və İrəvanın Aİİ və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) münasibətini “istehlakçı yanaşması” kimi xarakterizə edib. O, həmçinin Ermənistanın xarici siyasət kursunu müəyyənləşdirməli olduğunu bildirib.
