Türk dövlətlərinin təhlükəsizlik dialoqu Azərbaycanda yeni məzmun qazanır – Azər Qarayev

Siyasət Rəy 18 Sentyabr 2026 13:32 (UTC +04:00)
Türk dövlətlərinin təhlükəsizlik dialoqu Azərbaycanda yeni məzmun qazanır – Azər Qarayev
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik artıq ayrı-ayrı dövlətlərin sərhədləri daxilində həll olunan məsələ olmaqdan çıxıb. Regional münaqişələr, terrorçuluq, transmilli cinayətkarlıq, kibertəhdidlər, kritik infrastrukturun qorunması, enerji və nəqliyyat təhlükəsizliyi dövlətlər arasında daha sıx koordinasiyanı zəruri edir. Belə bir şəraitdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik sahəsində əməkdaşlığının institusional xarakter alması xüsusi əhəmiyyət daşıyır. Sentyabrın 17-də Bakıda keçirilən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısı məhz bu baxımdan diqqət çəkir.

Bunu Trend-ə politoloq Azər Qarayev deyib.

O qeyd edib ki, tədbirin Azərbaycanda keçirilməsi isə Bakının Türk dünyasında təhlükəsizlik dialoqunun mühüm mərkəzlərindən biri kimi rolunu nümayiş etdirən amillərdən biridir.

“İclasın coğrafiyası da onun siyasi və institusional əhəmiyyətini göstərir. Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın, eləcə də Şimali Kipr Türk Respublikasının və TDT Katibliyinin nümayəndələrinin iştirakı Türk dövlətləri arasında təhlükəsizlik məsələlərinin getdikcə daha geniş formatda müzakirə edildiyini göstərir. Azərbaycan Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubovun sədrliyi ilə keçirilən görüşdə regional təhlükəsizlik, Yaxın Şərqdə baş verən proseslər, süni intellekt sahəsində milli inkişaf imkanları və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, – deyə o qeyd edib.

Politoloq vurğulayıb ki, məhz bu geniş gündəlik Azərbaycanın TDT daxilində rolunu da daha aydın göstərir.

“Bakı son illərdə Türk dövlətləri arasında siyasi dialoqun, iqtisadi əməkdaşlığın və strateji tərəfdaşlığın inkişaf etdirilməsi istiqamətində fəal mövqe nümayiş etdirir. Azərbaycanın bu prosesdəki mövqeyini gücləndirən əsas amillərdən biri ölkənin geostrateji yerləşməsidir. Azərbaycan Avropa ilə Asiyanın qovşağında yerləşməklə yanaşı, Mərkəzi Asiya ilə Türkiyə arasında nəqliyyat və enerji bağlantılarının inkişafında mühüm rol oynayır. Bu xüsusiyyət TDT məkanında Azərbaycanın strateji əhəmiyyətini artırır.

Azərbaycanın enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasında və Mərkəzi Asiya ölkələrinin resurslarının Xəzər üzərindən dünya bazarlarına çatdırılmasında oynadığı rol ölkənin strateji əhəmiyyətini artırır. Bakının təhlükəsizlik məsələlərinin müzakirə edildiyi toplantıya ev sahibliyi etməsi ölkənin yalnız siyasi dialoq baxımından deyil, regional bağlantılar baxımından da əhəmiyyətini göstərir”- deyə o bildirib.

Politoloq qeyd edib ki, dünyanın müxtəlif bölgələrində davam edən müharibələr, münaqişələrin coğrafiyasının genişlənməsi və yeni təhdidlərin meydana çıxması dövlətlərin təhlükəsizlik məsələlərinə daha çevik və koordinasiyalı yanaşmasını zəruri edir.

“Xüsusilə geniş coğrafiyada yerləşən Türk Dövlətləri Təşkilatına üzv ölkələr üçün regional prosesləri yaxından izləmək və mümkün risklərə qarşı qabaqlayıcı tədbirlər görmək mühüm əhəmiyyət daşıyır.

Azərbaycan Prezidenti İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən öz çıxışında bildirib: “Yenə də ölkələrimizin üstünlüyü ondan ibarətdir ki, geniş coğrafiyada ictimai asayişlə, müxtəlif terror təhdidləri ilə bağlı vəziyyət nəzarət altındadır. Lakin bu o demək deyil ki, biz arxayınlaşmalıyıq. Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir. Döyüşən tərəflər arasında qarşılıqlı düşmənçilik açıq xarakter alır. Bütün bunlar ölkələrimizin perimetri boyunca mövcud olan münaqişələrin coğrafiyasının genişlənməsinə səbəb ola bilər və prinsipcə, səbəb də olur. Hazırkı vəziyyətdə də, Azərbaycan haqqında danışsaq, həm şimalda, həm də cənubda qonşularımız müharibə aparan ölkələrdir. Bu kontekstdə də, əlbəttə ki, regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət kəsb edir”

Bu reallıq Türk dövlətləri arasında təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini zəruri edir. Mövcud risklərin vaxtında müəyyənləşdirilməsi, məlumat mübadiləsinin genişləndirilməsi və təhlükəsizlik qurumları arasında koordinasiyanın artırılması regional sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır – deyə o bildirib.

A.Qarayev əlavə edib ki,TDT ölkələri arasında təhlükəsizlik şuraları səviyyəsində müntəzəm görüşlərin keçirilməsi dövlət qurumları arasında məlumat və təcrübə mübadiləsinin genişləndirilməsi üçün imkan yaradır.

“Azərbaycan Prezidenti İlham Əliyev bu məsələnin əhəmiyyətini xüsusi vurğulayaraq bildirib: Bu kontekstdə dövlət təhlükəsizliyinə cavabdeh qurumların fəaliyyətinin əlaqələndirilməsi, məlumat mübadiləsi, operativ məlumat mübadiləsi, birgə fəaliyyət və mövcud təhdidlərə qarşı mübarizədə, ən başlıcası isə mümkün təhdidlərin qarşısının alınmasında və profilaktikasında koordinasiyanın gücləndirilməsi, hesab edirəm ki, hamımız üçün həyati əhəmiyyət daşıyır.

İclasın gündəliyində süni intellekt məsələsinin yer alması isə təhlükəsizlik anlayışının dəyişən xarakterini göstərir. Yeni texnologiyalar iqtisadi inkişaf və dövlət idarəçiliyi üçün geniş imkanlar yaratmaqla yanaşı, informasiya təhlükəsizliyi və digər sahələrdə yeni risklər də meydana çıxarır. Bu səbəbdən TDT ölkələrinin yalnız mövcud təhlükələrə cavab verməsi deyil, gələcək çağırışları əvvəlcədən müəyyənləşdirərək ortaq yanaşmalar formalaşdırması da əhəmiyyətlidir”, – deyə o qeyd edib.

Politoloq bildirib ki, dünyada baş verən proseslər, o cümlədən Azərbaycanın şimalında və cənubunda cərəyan edən müharibələr təhlükəsizlik məsələlərinin daim diqqət mərkəzində saxlanılmasını zəruri edir.

“Türk dövlətlərinin xüsusi xidmət orqanları da mövcud geosiyasi reallıqları öz fəaliyyətlərində nəzərə alır, qarşıya çıxan yeni təhdidləri birgə müzakirə edir, təhlükəsizlik sahəsində əldə olunan məlumat və təcrübəni bölüşürlər. Bu məqsədlə xüsusi xidmət orqanlarının rəhbərləri arasında mütəmadi görüşlərin keçirilməsi, qarşılıqlı fikir və məlumat mübadiləsinin aparılması artıq əməkdaşlığın mühüm istiqamətlərindən birinə çevrilib. Bunun əyani nümunələrindən biri sentyabrın 17-də Qazaxıstanda keçirilən Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasıdır. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirak etdiyi görüşdə regional təhlükəsizliyə təhdidlər sırasında beynəlxalq terrorçuluq və dini ekstremizm, transmilli cinayətkar qruplaşmaların fəaliyyəti, narkotik vasitələrin və silahların qanunsuz dövriyyəsi ilə yanaşı, kibercinayətkarlığın müasir formalarının, habelə kritik infrastruktura yönəlmiş digər təhlükələrin də yer aldığını, cinayətkar və terrorçu qruplaşmaların nəqliyyat, kommunikasiya və digər həyati əhəmiyyətli obyektlərin fəaliyyətinə təsir göstərmək məqsədilə müasir informasiya texnologiyalarından istifadə imkanlarının xüsusi narahatlıq doğuran amil olduğu vurğulanıb”, – deyə A.Qarayev əlavə edib.

O qeyd edib ki, bu baxımdan Bakıda keçirilən TDT Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısı ilə Qazaxıstanda keçirilən xüsusi xidmət orqanlarının 28-ci konfransı eyni təhlükəsizlik gündəliyinin müxtəlif institusional müstəvilərdə davam etdirildiyini göstərir.

“Bir tərəfdən dövlətlərin təhlükəsizlik şuraları səviyyəsində strateji yanaşmalar və ortaq çağırışlar müzakirə olunur, digər tərəfdən xüsusi xidmət orqanları konkret təhlükələr, məlumat mübadiləsi və praktiki əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparırlar. Bu isə Türk dövlətləri arasında təhlükəsizlik əməkdaşlığının ardıcıl və çoxşaxəli xarakter aldığını göstərən mühüm amildir”,- deyə politoloq bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti