Azərbaycanda fermerlər üçün yeni maliyyə aləti tətbiq ediləcək

Cəmiyyət Xəbər 18 Sentyabr 2026 11:53 (UTC +04:00)
Azərbaycanda fermerlər üçün yeni maliyyə aləti tətbiq ediləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda kənd təsərrüfatı istehsalçıları üçün yeni maliyyə aləti – məhsul şəhadətnaməsinin tətbiqi nəzərdə tutulur.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, məhsul şəhadətnaməsinin tətbiqi ilə bağlı beynəlxalq təşkilatların və müxtəlif ölkələrin təcrübəsi araşdırılıb və qanun layihəsi həmin araşdırmaların nəticəsi olaraq hazırlanıb.

“Beynəlxalq təşkilatların və digər ölkələrin təcrübəsinə baxdığımızda, məhsul şəhadətnaməsi və bunun tətbiq olunduğu ölkələrdəki təcrübə ilə tanış olduq və bu layihə də bunun nəticəsində ortaya çıxmış oldu”, – İlhamə Qədimova deyib.

Nazir müavininin sözlərinə görə, qanunvericilik paketi bir-biri ilə qarşılıqlı bağlı üç sənəddən – Mülki Məcəlləyə dəyişiklikdən, “İcra haqqında” Qanuna dəyişiklikdən və “Məhsul şəhadətnaməsi haqqında” yeni qanun layihəsindən ibarətdir.

Onun sözlərinə görə, hər üç sənədin eyni vaxtda qüvvəyə minməsi nəzərdə tutulur və yeni maliyyə aləti məhz bu üç sənədin birgə fəaliyyəti nəticəsində tətbiq ediləcək.

İ.Qədimova qeyd edib ki, məhsul şəhadətnaməsinin tətbiqinin əsas zərurətlərindən biri istehsal dövrünə başlamazdan əvvəl fermerlərin toxum, gübrə, yem və digər resurslara vəsait ehtiyacı ilə bağlıdır.

“Layihə bu ehtiyacı ödəmək üçün aqrar sahəyə yeni maliyyə aləti – qiymətli kağızı və ilk dəfə kənd təsərrüfatı sahəsində bir qiymətli kağız – məhsul şəhadətnaməsini gətirir”, – deyə o bildirib.

Nazir müavini vurğulayıb ki, layihə hazırlanarkən Rusiya, Ukrayna, Qazaxıstan və Braziliyanın təcrübələri araşdırılıb. Onun sözlərinə görə, məhsul şəhadətnaməsinin tətbiqi istehsalçının dəstəklənməsi və ərzaq təhlükəsizliyinin gücləndirilməsi istiqamətində addım kimi qiymətləndirilə bilər.

İ.Qədimova məhsul şəhadətnaməsinin hüquqi mahiyyətinə də aydınlıq gətirib. O bildirib ki, məhsul şəhadətnaməsi borclunun məhsulun istehsalı və ya ilkin emalı məqsədilə elektron qaydada buraxdığı öhdəliyin icrasını təmin edən təminatlı qiymətli kağızdır.

Onun sözlərinə görə, borclu bu sənədlə məhsulu və ya pul məbləğini mübahisəsiz şəkildə təhvil-təslim aktı əsasında təqdim etmək öhdəliyi götürür.

Nazir müavini bildirib ki, məhsul şəhadətnaməsinin iki növü – maliyyə məhsul şəhadətnaməsi və əmtəə məhsul şəhadətnaməsi olacaq. Bu növlərdən birində dövrün sonunda məhsulun təqdim edilməsi, digərində isə müəyyən edilmiş məbləğin, yəni borcun qaytarılması nəzərdə tutulur.

O qeyd edib ki, bu alətlərdən biri daha çox maliyyə institutlarının, o cümlədən bankların marağında olacaq.

“Bankların da sahəyə kredit verməsi, sahənin risklərindən dolayı bir çox uzun prosedurlara, bəzən çətin şərtlərə bağlana bilir. Qiymətli kağız isə burada borcun götürülməsini həm asanlaşdırar, həm də geri ödənilməsində maliyyə institutlarını asanlaşdıran, birbaşa icraya yönləndirmə xüsusiyyətinə malikdir”, – deyə İ.Qədimova bildirib.

Onun sözlərinə görə, bu xüsusiyyət borcun daha qısa müddətdə geri ödənilməsinə təminat yaradacaq və maliyyə institutlarında məhsul şəhadətnaməsinə maraq formalaşdıracaq.

Nazir müavini bildirib ki, məhsul şəhadətnaməsinin hüquqi statusunun möhkəmləndirilməsi məqsədilə bu institut Mülki Məcəllədə qiymətli kağızlar siyahısına da daxil edilir.

O qeyd edib ki, Mülki Məcəlləyə dəyişikliklə bağlı layihənin eyni zamanda təqdim edilməsinin səbəbi də Məcəllənin qiymətli kağızlarla bağlı bölməsinə yeni qiymətli kağızla əlaqədar müvafiq maddə və müddəaların əlavə edilməsidir.

İ.Qədimova məhsul şəhadətnaməsini kimlərin buraxa biləcəyinə də toxunub. O bildirib ki, bu qiymətli kağız həm heyvandarlıq, həm də bitkiçilik sahəsində tətbiq edilə bilər.

Onun sözlərinə görə, əkinçilik istiqamətində torpağın həm mülkiyyətçisi, həm də real istifadəçisi, o cümlədən icarəçilər məhsul şəhadətnaməsi buraxa biləcəklər. Heyvandarlıq istiqamətində isə heyvan sahiblərinin belə hüququ olacaq.

Nazir müavini qeyd edib ki, ortaq mülkiyyət mövcud olduqda tərəflər şəhadətnaməni birgə buraxacaq və birgə məsuliyyət daşıyacaqlar.

“Torpaq üzərində hüquq başqa şəxsə keçdikdə şəhadətnamə də hüquq və vəzifələr olaraq başqa şəxsə keçir”, – deyə İ.Qədimova bildirib.

O əlavə edib ki, məhsul şəhadətnaməsi qiymətli kağız kimi indossamentlə təqdim edilə, saxlanıla və dövriyyəyə buraxıla bilər.

Nazir müavininin sözlərinə görə, məhsul şəhadətnaməsinin buraxılışını və tətbiqini asanlaşdırmaq məqsədilə onun elektron qaydada buraxılması nəzərdə tutulur. Bu proses Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) vasitəsilə həyata keçiriləcək.

İ.Qədimova bildirib ki, fermerlərin qeydiyyatı, subsidiyaların verilməsi, torpaq və heyvandarlıqla bağlı uçot funksiyaları artıq EKTİS vasitəsilə həyata keçirilir və fermerlər bu sistemi tanıyırlar.

“Bu platformanın içində onlar artıq bir neçə ildir varlar və onlara həmin sistemi istifadə etməyə dəstək olan qurumlarımız da var”, – deyə o bildirib.

Onun sözlərinə görə, məhz bu səbəbdən məhsul şəhadətnaməsinin də elektron imza ilə imzalanaraq EKTİS vasitəsilə buraxılması həm aidiyyəti qurumlarla razılaşdırılıb, həm də layihədə öz əksini tapıb.

İ.Qədimova qeyd edib ki, şəhadətnamə razılaşdırılmış məbləğ ödənildikdə qüvvəyə minir və imzalandıqdan sonra dəyişdirilə bilmir. Onun sözlərinə görə, şəhadətnamə güzəştə verilə, təkrar satıla və girov qoyula bilər.

Nazir müavini qanunun qüvvəyə minməsindən sonra məhsul şəhadətnaməsinin birbaşa icrasının mümkün olub-olmayacağı məsələsinə də toxunub.

O bildirib ki, bunun üçün sistemdə müəyyən işlərin görülməsi tələb olunur və layihədə qanunun qüvvəyə minmə tarixi ilə bağlı müddəa məhz həmin hazırlıqların həyata keçirilməsi üçün nəzərdə tutulub.

“Orada verilən müddətdə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin içində də bu qiymətli kağızın buraxılması ilə bağlı mexanizmi tamamlayıb istifadəyə verməyi düşünürük”, – deyə İ.Qədimova bildirib.

Nazir müavini məhsul şəhadətnaməsinin Azərbaycanda tətbiqinin mümkünlüyü və fermerlərin bu mexanizmə hazır olub-olmaması məsələsinə də münasibət bildirib.

O qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi bir neçə ildir sahəni yaxından müşahidə edir və fermerlərə yaxınlıq prinsipi əsasında bölgələrdə çoxsaylı görüşlər keçirir.

İ.Qədimovanın sözlərinə görə, Azərbaycanda kiçik, orta və daha böyük təsərrüfatlara malik fermerlər fəaliyyət göstərir və onların bir çoxu bu cür maliyyə alətlərindən istifadəyə ehtiyaclarını artıq nazirliyə ifadə ediblər.

“Bizdə də bu mexanizmin tətbiqi mümkündür. İkinci nöqtə isə bu imkanları bizim fermerlərə verməliyik”, – deyə o bildirib.

Nazir müavini vurğulayıb ki, maliyyə əlçatanlığının aşağı olması ilə bağlı müzakirələr aparılır və kredit və subsidiya ilə yanaşı alternativ maliyyə imkanlarının yaradılması da vacibdir.

Onun sözlərinə görə, belə imkanlar yaradılmadığı halda fermerlərin maliyyə əlçatanlığının artırılması üçün hansı alətlərin formalaşdırıldığı sualı ortaya çıxır.

“Əgər digər ölkələrdə də tətbiqini nəzərə alsaq, bizim fermerlərə də bu imkanların tanınması gərəkdiyini düşündük və bu layihə ilə sizlərə gəldik”, – deyə İ.Qədimova bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti