Bakı.Trend:
Fransada balıqçılar yanacağın qiymətinin kəskin artmasına etiraz olaraq Nitsa limanını bloklayıblar.
Bu barədə “Nice-Matin” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, nəticədə dəniz nəqliyyatının hərəkəti tamamilə iflic olub. Belə ki, Nitsada dayanmalı olan “Corsica Ferries” şirkətinə məxsus gəmi dənizdə gözləmək məcburiyyətində qalıb.
Narazı balıqçılar Fransanın cənubundakı digər limanları da bloklayıblar. Söhbət Frontinyan, Set, Fos-sür-Mer, Por-la-Nuvel və Le-Qro-dü-Rua şəhərlərindən gedir. Bundan əlavə, etirazçılar Marsel və Tulonda da analoji aksiyaların keçirilməsi imkanını nəzərdən keçirirlər.
Fransada yanacağın orta qiyməti İran münaqişəsinin başlamasından sonra kəskin artıb. Avtomobillər üçün dizel yanacağının qiyməti litri təxminən 1,7 avrodan 2,3 avroya, SP95-E10 benzininin qiyməti isə 1,7 avrodan 2,1 avroya yüksəlib.
