Xocalı. Trend:
Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini İdarə Rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində görkəmli azərbaycanlı alim, ilahiyyatçı-filosof Şeyx Seyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransın iştirakçıları Xocalı şəhərinə gəliblər.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, konfrans iştirakçıları Xocalı Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.
Qonaqları Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov qarşılayıb. S.Qəhrəmanov qonaqlara Xocalı şəhərində həyata keçirilən bərpa və quruculuq işləri, əhalinin doğma yurda qayıdışı və şəhərdə yaradılan müasir infrastruktur barədə məlumat verib. Daha sonra nümayəndə heyətinə bildirilib ki, Xocalı Soyqırımı Memorial Kompleksi faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi və Xocalı həqiqətlərinin gələcək nəsillərə çatdırılması məqsədilə yaradılıb. Kompleksin təməli 2024-cü il fevralın 26-da Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. 2025-ci il fevralın 25-də dövlət başçısının müvafiq Sərəncamı ilə Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması rəsmiləşdirilib.
Qeyd olunub ki, Xocalı-Əsgəran avtomobil yolunun üzərində yerləşən kompleks Heydər Əliyev Fondu tərəfindən yaradılıb. Memorial kompleksin ekspozisiyasında 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilmiş faciə ilə yanaşı, şəhərin tarixi, coğrafi əhəmiyyəti, habelə faciədən əvvəl Xocalıda həyat və dinc əhalinin gündəlik yaşayışı barədə məlumatlar əks olunur.Komplekslə tanışlıq zamanı iştirakçılara, Xocalı soyqırımı zamanı dinc əhaliyə qarşı törədilmiş cinayətlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, faciə nəticəsində yüzlərlə dinc sakin qətlə yetirilib, yaralanıb, əsir və itkin düşüb, şəhər dağıdılıb.Konfrans iştirakçıları memorial kompleksdə Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad ediblər.Səfər çərçivəsində qonaqlar Xocalı şəhərində aparılan bərpa-quruculuq işləri ilə də tanış olublar.
