Azərbaycan Türk dünyası və İslam aləmində birlik və həmrəyliyin güclənməsinə mühüm töhfələr verir - RƏY

Siyasət Rəy 16 Sentyabr 2026 14:30 (UTC +04:00)
Azərbaycan Türk dünyası və İslam aləmində birlik və həmrəyliyin güclənməsinə mühüm töhfələr verir - RƏY
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan bu gün təkcə regionda deyil, bütövlükdə Türk dünyasında və İslam aləmində əməkdaşlığın, qarşılıqlı hörmətin və həmrəyliyin möhkəmlənməsinə mühüm töhfələr verən dövlətlərdən biridir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə Rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən səsləndirdiyi fikirlər Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi siyasətin mahiyyətini bir daha aydın şəkildə göstərdi.

A.Həsənova qeyd edib ki, Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə Rəhbərləri Şurasının 7-ci toplantısının və böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi mühüm əhəmiyyət daşıyır:

“Müxtəlif ölkələrdən dini rəhbərlərin və nümayəndələrin Azərbaycanda bir araya gəlməsi ölkəmizin dialoq və əməkdaşlıq məkanı kimi artan rolunun göstəricisidir.

Azərbaycan zəngin tarixi-mədəni irsə malikdir. Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Seyid Yəhya Bakuvi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli kimi böyük şəxsiyyətlərin yaratdığı irs yalnız Azərbaycan xalqının deyil, bütövlükdə Şərq və İslam mədəniyyətinin qiymətli sərvətidir. Bu irsin öyrənilməsi, dünyada təbliği və gələcək nəsillərə çatdırılması xüsusi əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində daim əməli addımlar atıb. Ölkəmiz müxtəlif illərdə İslam dünyasının mühüm tədbirlərinə ev sahibliyi edib. 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları bunun parlaq nümunələrindən biridir. Gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün Bakıda keçirilməsinin nəzərdə tutulması isə Azərbaycanın İslam dünyasındakı mövqeyinin və ona göstərilən etimadın növbəti təzahürüdür”.

A.Həsənova vurğulayıb ki, bu gün dünyada mürəkkəb geosiyasi proseslərin, qarşıdurmaların və münaqişələrin davam etdiyi bir şəraitdə xalqlar və dövlətlər arasında dialoqa daha böyük ehtiyac yaranıb:

“Azərbaycan məhz belə bir dövrdə əməkdaşlığı, qarşılıqlı anlaşmanı və sülhü təşviq edən mövqe nümayiş etdirir. Türk dünyasının, Qafqazın və İslam aləminin nümayəndələrinin Bakıda bir araya gəlməsi də bu baxımdan xüsusi rəmzi məna daşıyır.

Azərbaycanın son illərdə keçdiyi tarixi yol göstərir ki, milli birlik dövlətin ən böyük güc mənbələrindən biridir. Azərbaycan xalqı öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Bu gün isə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir, keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Artıq bölgənin 48 şəhər və kəndində 90 mindən çox insanın yaşaması Böyük Qayıdışın real nəticələrini nümayiş etdirir.

Mədəni və dini irsin bərpasına göstərilən diqqət də xüsusi qeyd edilməlidir. İşğaldan azad edilmiş ərazilərdə məscidlərin, tarixi abidələrin və digər mədəniyyət nümunələrinin bərpası dövlətimizin milli-mənəvi dəyərlərə münasibətinin göstəricisidir. Ağdam məscidinin ilk bərpa olunan obyektlərdən biri olması, indiyədək 12 məscidin bərpa və yenidən qurulması bu siyasətin bariz nümunəsidir.

Bu gün Azərbaycanın qarşısında duran əsas məqsədlərdən biri əldə edilmiş sülhün möhkəmləndirilməsi, regionda sabitliyin qorunması və əməkdaşlığın genişləndirilməsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Türk dünyasını və Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün birgə səylər göstərilməlidir.

Azərbaycanın gücü yalnız iqtisadi və hərbi potensialında deyil, eyni zamanda xalqımızın birliyində, milli-mənəvi dəyərlərinə bağlılığında və müstəqil siyasət yürütmək iradəsindədir. Məhz bu prinsiplər ölkəmizin həm Türk dünyasında, həm Qafqazda, həm də İslam aləmində birləşdirici rolunun daha da güclənməsinə xidmət edir”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti