Şahin Mustafayev Azərbaycan Stolüstü Tennis Federasiyasına prezident seçilib

İdman Xəbər 16 Sentyabr 2026 16:18 (UTC +04:00)
Şahin Mustafayev Azərbaycan Stolüstü Tennis Federasiyasına prezident seçilib
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) prezidenti seçilib.

Bu barədə Federasiya məlumat yayıb.

Bildirilib ki, 2014-cü ildən federasiyaya rəhbərlik edən Şahin Mustafayev, qarşıdakı 4 il ərzində də Azərbaycan stolüstü tennisinin daha da inkişaf etdirilməsi, idmançıların beynəlxalq arenada daha böyük uğurlar qazanması və yeni perspektivli tennisçilərin yetişdirilməsi istiqamətində səmərəli fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, Azərbaycanda 50-ci illərin əvvəllərində ilk dəfə olaraq Bakı stolüstü tennis bölməsi yaradılıb və sonradan Respublika Stolüstü Tennis Federasiyası təsis olunub. Həmin vaxtdan etibarən respublikada bu idman növü üzrə müxtəlif yarışlar keçirilməyə başlayıb. Bakı şəhərinin ilk çempionları V. Lazorkin və R. Yaşagina olub.

2014-cü ildə Şahin Mustafayev federasiyanın prezidenti seçilib.

Azərbaycan Stolüstü Tennis Federasiyası 1995-ci ildən 207 dövlətin milli federasiyalarını özündə birləşdirən Beynəlxalq Stolüstü Tennis Federasiyasının (İTTF) və 56 Avropa milli federasiyalarının daxil olduğu Avropa Stolüstü Tennis Birliyinin (ETTU) və 2007-ci ildən Şərqi Avropa Liqasının üzvüdür. Azərbaycanın stolüstü tennis üzrə yığma komandası Avropa çempionatlarında ilk dəfə olaraq 1996-cı ildən, Dünya çempionatlarında isə 1997-ci ildən iştirak etməyə başlayıb. Azərbaycan Stolüstü Tennis Federasiyası bir çox xarici federasiyalarla, o cümlədən, Rusiya Stolüstü Tennis Federasiyası ilə sıx və işgüzar münasibətlər qurub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti