Bakı. Trend:
Prezident İlham Əliyevin beynəlxalq konfransların iştirakçıları ilə görüşündə səsləndirdiyi fikirlər Azərbaycanın həm İslam dünyası, həm Türk dünyası, həm də Qafqaz regionunda əməkdaşlıq və dialoqa verdiyi önə çıxan əhəmiyyəti göstərir.
Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.
O bildirib ki, çıxışın əsas xəttini dini həmrəylik, sülh və qarşılıqlı əməkdaşlıq, Qarabağın keçmişi və bu günü, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, eləcə də gələcək təhlükəsizlik siyasəti təşkil edir.
"Prezident İlham Əliyevin çıxışında gələn il Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə xüsusi yer ayırması təsadüfi deyil. Azərbaycan belə bir tədbir vasitəsilə müsəlman ölkələri arasında dialoqun gücləndirilməsi üçün platforma yaratmağa çalışdığını nümayiş etdirir. Prezident İlham Əliyev müsəlman ölkələri arasında mövcud fikir ayrılıqlarının və qarşıdurmaların başa çatmasının vacibliyini vurğulayaraq, İslam dünyasının daha sıx əməkdaşlığa ehtiyac duyduğunu bildirir. Burada Azərbaycanın özünü tərəflərdən birinin yanında dayanan aktor kimi deyil, müxtəlif ölkələri bir araya gətirən platforma kimi təqdim etməsi diqqət çəkir".
A.Qarayev qeyd edib ki, çıxışın digər mühüm məqamı dini liderlərin roluna verilən qiymətdir.
"Dini liderlərin cəmiyyətlərə verdiyi mesajlar yalnız dini çərçivə ilə məhdudlaşmır. Onların sülhə, əmin-amanlığa, əməkdaşlığa və qarşılıqlı anlaşmaya çağırışları daha geniş ictimai təsir yarada bilər. Bu baxımdan Bakıda müxtəlif ölkələrdən dini rəhbərlərin iştirakı həm dini, həm də diplomatik baxımdan əhəmiyyətli hadisə kimi təqdim olunur. Azərbaycanının Türk dünyası ilə Qafqaz arasında yerləşən mövqeyinin vurğulanması da çıxışın mühüm hissəsidir. Prezident İlham Əliyev Azərbaycanın həm Türk Dövlətləri Təşkilatının üzvü, həm də Qafqaz ölkəsi olduğunu qeyd edir. Bu iki istiqamətin kəsişməsində yerləşən Azərbaycan müxtəlif coğrafiyaları və xalqları bir araya gətirən ölkə kimi təqdim edilir. Bakıda keçirilən dini və beynəlxalq tədbirlərin də bu əlaqələrin möhkəmləndirilməsinə xidmət etdiyi bildirilir".
Politoloq Prezident İlham Əliyevin çıxışında Azərbaycanın İslam həmrəyliyinə verdiyi töhfələrdən də danışdığını qeyd edib.
"2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının xatırlanması bunun konkret nümunəsi kimi göstərilir. Burada idman tədbirinin yalnız yarış deyil, müsəlman ölkələri arasında birlik və həmrəylik ideyasını ön plana çıxaran beynəlxalq platforma kimi qiymətləndirilməsi diqqət çəkir. Çıxışın ən geniş hissəsi isə Qarabağ məsələsinə həsr olunub. Prezident İlham Əliyev dini liderlərin Ağdam, Xankəndi, Xocalı və Şuşaya səfər edəcəyini bildirərək, onların həm işğal dövrünün nəticələrini, həm də hazırda aparılan bərpa prosesini yerində görəcəyini vurğulayır. Bununla Qarabağın keçmişi ilə bu günü arasında bir müqayisə yaradılır: bir tərəfdə dağıntılar və məcburi köçkünlük, digər tərəfdə isə yenidənqurma və insanların doğma torpaqlarına qayıdışı. Xocalı məsələsinin xüsusi qeyd olunması da çıxışın əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyev Xocalı faciəsini, dağıdılmış dini və mədəni abidələri xatırladır və bunların Azərbaycan cəmiyyətinin kollektiv yaddaşında mühüm yer tutduğunu bildirir. Məscidlərin dağıdılması ilə bağlı fikirlər isə məsələnin yalnız Azərbaycan-Ermənistan münaqişəsi çərçivəsində deyil, İslam dünyasının dini və mədəni irsinə münasibət kontekstində təqdim edilməsinə xidmət edir. Digər tərəfdən, çıxışda keçmişlə yanaşı, Qarabağın gələcəyi də geniş şəkildə təqdim olunur. “Böyük Qayıdış” proqramının icrası, keçmiş məcburi köçkünlərin geri qayıtması, yaşayış məntəqələrində həyatın bərpa olunması Azərbaycanın postmünaqişə dövründə qarşıya qoyduğu əsas məqsədlər kimi göstərilir. Prezident İlham Əliyevin 48 şəhər və kənddə insanların yaşadığını və 90 mindən çox şəxsin həmin ərazilərdə məskunlaşdığını bildirməsi bu siyasətin miqyasını nümayiş etdirmək məqsədi daşıyır".
A. Qarayevin sözlərinə görə, çıxışın təhlükəsizliklə bağlı hissəsində isə Azərbaycanın əldə etdiyi nəticələrin qorunmasının vacibliyi vurğulanır.
"Prezident İlham Əliyev hərbi gücü, siyasi iradəni, milli birliyi və vətənpərvərlik amilini dövlətin təhlükəsizliyinin əsas komponentləri kimi təqdim edir. Bu yanaşma Azərbaycanın gələcək təhlükəsizlik siyasətinin yalnız diplomatik mexanizmlərlə deyil, həm də müdafiə qabiliyyətinin gücləndirilməsi ilə əlaqələndirildiyini göstərir. Eyni zamanda, Prezident İlham Əliyev Ermənistanla münasibətlərdə sülh prosesinin davam etdiyini bildirir. Bununla yanaşı, keçmişdə baş vermiş hadisələrin unudulmayacağını qeyd edir. Burada iki paralel mesaj var: bir tərəfdən sülh və uzunmüddətli sabitlik üçün siyasi prosesin davam etdirilməsi, digər tərəfdən isə Azərbaycanın öz tarixini və münaqişənin nəticələrini yadda saxlaması".
A.Qarayev vurğulayıb ki, çıxışda Azərbaycanın müharibə zamanı mülki şəxslərə münasibəti ilə bağlı səsləndirilən fikirlər də xüsusi yer tutur.
"Prezident İlham Əliyev Azərbaycanın hərbi əməliyyatları hərbi birləşmələrə qarşı apardığını və intiqam anlayışını döyüş meydanı ilə məhdudlaşdırdığını bildirir. Bu fikir Azərbaycanın müharibə dövründəki davranışına dair siyasi mövqeyinin ifadəsidir və çıxışın beynəlxalq auditoriyaya ünvanlanan hissələrindən biri kimi qiymətləndirilə bilər. Ümumilikdə, çıxış iki fərqli, lakin bir-birini tamamlayan mesaj üzərində qurulub. Birinci mesaj Azərbaycanın İslam dünyasında həmrəyliyə, sülhə və əməkdaşlığa çağıran ölkə kimi çıxış etməsidir. İkinci mesaj isə Qarabağ münaqişəsindən sonra Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyini, hazırda isə azad edilmiş ərazilərdə bərpa və məskunlaşma prosesinə diqqət yetirdiyini göstərməkdir. Bu baxımdan, dini liderlərin Qarabağa səfəri çıxışın sadəcə protokol xarakterli hissəsi deyil. Onların bölgəni yerində görməsi Azərbaycan üçün həm İslam dünyasının nümayəndələrinə Qarabağdakı dağıntıları göstərmək, həm də hazırkı quruculuq prosesini təqdim etmək baxımından əhəmiyyətli platforma kimi nəzərdə tutulur. Bakıda keçirilən dini toplantılarla Qarabağa səfərin eyni kontekstdə təqdim edilməsi isə Azərbaycanın sülh, həmrəylik, milli yaddaş və yenidənqurma mesajlarını vahid siyasi-diplomatik xəttdə birləşdirdiyini göstərir".
