Bakı. Trend:
Bir sıra hallarda məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayətlərinə hakim tərəfindən təkbaşına baxılacaq.
Bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, işi mahiyyəti üzrə həll etməyən məhkəmə aktlarından verilmiş apellyasiya şikayətlərinə, habelə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlərlə bağlı çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayətlərinə hakim tərəfindən təkbaşına baxılacaq.
Məlumat üçün bildirək ki, hazırda qüvvədə olan qanunvericiliyə əsasən, apellyasiya qaydasında işlərə sədrlik edənin və digər iki hakimin, kassasiya qaydasında isə sədrlik edənin, iki və ya daha çox hakimin iştirakı ilə baxılır.
Bundan əlavə, apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında hakim tərəfindən təkbaşına baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaq.
İşə məhkəmə tərkibi tərəfindən baxılması üçün işə baxan hakim öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxsin vəsatəti əsasında müvafiq qərardad qəbul edəcək. Bu barədə işdə iştirak edən şəxslərə məlumat veriləcək. Bu qərardaddan şikayət verilə bilməz. Bu vəsatət apellyasiya şikayəti və ya apellyasiya şikayətinə etiraz ilə birlikdə verilməlidir.
