Bakı.Trend:
Azərbaycanın neft məhsulları ixracının həcmi 1,4 dəfə artıb. Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin yanvar-avqust aylarında Azərbaycandan 466,8 milyon ABŞ dolları dəyərində 617,4 min ton bitumlu süxurlardan alınan neft və neft məhsulları, habelə kütləsinin 70 faizi və ya daha çoxunu neft və ya neft məhsulları təşkil edən məhsullar ixrac edilib.
Trend-in komitənin məlumatları əsasında apardığı hesablamalara görə, bu, ötən ilin yanvar-avqust ayları ilə müqayisədə dəyər ifadəsində 233,5 milyon ABŞ dolları və ya 2 dəfə, həcm ifadəsində isə 178,8 min ton və ya 1,4 dəfə çoxdur.
Hesabat dövründə yuxarıda qeyd olunan məhsulların ölkənin ümumi ixracındakı payı 2,14 faiz təşkil edib.
Qeyd edək ki, komitənin məlumatına əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə ümumilikdə 33 milyard 238 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatları həyata keçirib.
Vurğulanır ki, hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 120 milyon ABŞ dolları və ya 3,49 faiz artıb.
Qeyd olunur ki, xarici ticarət dövriyyəsinin ümumi həcminin 21 milyard 815 milyon ABŞ dolları ixracın, 11 milyard 423 milyon ABŞ dolları isə idxalın payına düşüb. Komitənin məlumatları əsasındaTrend-in apardığı hesablamalara görə, beləliklə, son bir ildə ixrac 4 milyard 750 milyon dollar və ya 27,83 faiz artıb, idxal isə 3 milyard 630 milyon dollar və ya 24,11 faiz azalıb.
Nəticədə Azərbaycanın xarici ticarət balansında 10 milyard 392 milyon ABŞ dolları məbləğində müsbət saldo yaranıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8 milyard 379 milyon dollar və ya 5,2 dəfə artıb.
