Bakı. Trend:
İtaliyanın Augusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,74 ABŞ dolları və ya 0,58 faiz artaraq bir barel üçün 128,03 ABŞ dollarına çatıb.
Bu barədə neft bazarı iştirakçılarının məlumatında bildirilib.
Qeyd olunub ki, Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,74 ABŞ dolları və ya 0,61 faiz artaraq 122,45 ABŞ dolları təşkil edib.
“Urals” markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,8 ABŞ dolları və ya 1,86 faiz azalaraq bir barel üçün 95,14 ABŞ dollarına çatıb.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 2,91 ABŞ dolları və ya 2,25 faiz artaraq bir barel üçün 132,19 ABŞ dolları olub.
Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.
"Trading Economics"in məlumatına görə, çərşənbə günü xam neftin qiyməti bir barel üçün 105 dollardan aşağı düşüb. Bildirilib ki, bu, qiymətlərin son dörd ayın ən yüksək səviyyəsinə çatmasından sonra baş verib.
"Buna ABŞ-də neft ehtiyatlarının gözlənilmədən artması səbəb olub.
ABŞ Neft İnstitutunun (API) məlumatına görə, ölkədə xam neft ehtiyatları ötən həftə 7,14 milyon barel artıb. Halbuki əvvəlki həftə ehtiyatlar 300 min barel azalmışdı və analitiklər yenidən azalma gözləyirdilər.
Bununla yanaşı, Səudiyyə Ərəbistanının Yanbu limanında neft yükləmələri mühüm “Şərq-Qərb” neft kəmərinin fəaliyyətinin dayandırılmasından sonra hələ də bərpa olunmayıb. Hörmüz boğazından yan keçməyə imkan verən bu əsas kəmərin fəaliyyətinin nə vaxt bərpa ediləcəyi ilə bağlı hələlik dəqiq məlumat yoxdur. Buna səbəb İranın dəstəklədiyi husilərin bu həftə Səudiyyə Ərəbistanına hücumlarını yeniləməsidir.
Liviyada isə ölkənin milli neft şirkəti davam edən etirazlar fonunda iki neft yatağında və bir nasos stansiyasında fəaliyyətini dayandırıb. Buna baxmayaraq, Liviyada ümumi neft hasilatı əsasən sabit qalaraq sutkada təxminən 1,4 milyon barel təşkil edir", - məlumatda qeyd edilib.
