Bakı. Trend:
Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi 2026-cı ilin ilk səkkiz ayında 3,2 milyard ABŞ dollarını ötüb.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidanla Bakıda birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycan-Türkiyə münasibətlərində Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasından başlayaraq xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizmi, Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyası və bir sıra digər formatlar böyük əhəmiyyət daşıyır.
C.Bayramov qeyd edib ki, iki ölkə arasında iqtisadi sahədə münasibətlər intensiv və çoxşaxəlidir.
“2025-ci ildə ticarət dövriyyəsinin iki ölkə arasında 5,7 milyard ABŞ dolları həcmində olmasını, 2026-cı ilin ilk səkkiz ayında 3,2 milyard dollardan artıq bir həcmə çatmasını nəzər alsaq, eyni zamanda qarşılıqlı şəkildə Azərbaycandan Türkiyəyə olan investisiyaların həcminin 20 milyard ABŞ dollarından artıq, Türkiyədən Azərbaycana birbaşa investisiyaların həcminin 18 milyarddan artıq olduğunu qeyd etsək, Azərbaycanda uğurla 4 mindən çox Türkiyə şirkətinin fəaliyyət göstərməsi, o cümlədən işğaldan azad edilmiş ərazilərdə Türkiyə şirkətləri tərəfindən uğurla fəaliyyətin həyata keçirilməsi bu sahədə münasibətlərin nə qədər intensiv və çoxşaxəli olmasının göstəriciləridir”, - deyə o bildirib.
