Mərkəzi Bank BMT-nin İnkişaf Proqramının Dayanıqlı Sığorta Forumuna üzv qəbul olunub

İqtisadiyyat Press-reliz 14 Sentyabr 2026 16:25 (UTC +04:00)
Mərkəzi Bank BMT-nin İnkişaf Proqramının Dayanıqlı Sığorta Forumuna üzv qəbul olunub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramının Dayanıqlı Sığorta Forumuna (Sustainable Insurance Forum – SIF) üzv qəbul olunub.

Bu barədə AMB məlumat yayıb.

"Mərkəzi Bank bu üzvlük çərçivəsində dünyanın müxtəlif ölkələrinin sığorta nəzarətçiləri və tənzimləyiciləri ilə əməkdaşlığı genişləndirmək, beynəlxalq təcrübə və bilik mübadiləsində iştirak etmək, eləcə də forumun işçi qrupları və müzakirələrində təmsil olunmaq imkanı əldə edib. Bununla da, Mərkəzi Bank sığorta sektorunda dayanıqlılığın və iqlim risklərinə qarşı davamlılığın gücləndirilməsi ilə bağlı beynəlxalq təşəbbüslərə töhfə verə, həmçinin qabaqcıl beynəlxalq təcrübənin ölkənin sığorta sektorunun inkişafında tətbiqi imkanlarını genişləndirə biləcək", - məlumatda bildirilib.

Qeyd edək ki, BMT-nin təşəbbüsü və Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının (IAIS) dəstəyi ilə 2016-cı ildə yaradılmış "Sustainable Insurance Forum" (SIF) sığorta nəzarəti və tənzimlənməsi sahəsində fəaliyyət göstərən 40 qurumu bir araya gətirən qlobal şəbəkədir.

Forum sığorta sektorunun davamlı inkişafını dəstəkləmək məqsədilə nəzarət və tənzimləmə qurumları arasında beynəlxalq əməkdaşlığı gücləndirir, bilik və təcrübə mübadiləsini təşviq edir, eləcə də yeni siyasət və tənzimləmə yanaşmalarının hazırlanmasına və tətbiqinə dəstək verir.

SIF-in əsas məqsədlərindən biri iqlim risklərinin effektiv idarə olunmasını və digər dayanıqlılıq amillərinin sığorta şirkətlərinin tənzimlənməsi və nəzarəti proseslərinə inteqrasiyasını təmin etməkdir.

Hazırda SIF-in 40 üzvü qlobal sığorta bazarının təxminən 80 faizini tənzimləyir. Forum üzvlərinin nəzarət etdiyi sığorta şirkətlərinin illik ümumi sığorta haqları 6,3 trilyon ABŞ dollarından çoxdur.

2026–2027-ci illər üçün SIF sığorta nəzarəti sahəsində sürətlə dəyişən yanaşmaları nəzərə alaraq bir sıra strateji prioritetlər müəyyənləşdirib. Bu prioritetlər siyasət dialoqu, potensialın gücləndirilməsi və praktiki nəzarət fəaliyyətlərini əhatə edən məqsədyönlü istiqamətlər üzrə həyata keçirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti