Bakı. Trend:
2026-cı ilin 6 ayı üzrə ölkənin xalis xarici maliyyə aktivləri 3.3 milyard dollar artıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında bildirilib.
Məlumata əsasən, bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (4.3 milyard dollar), portfel investisiyaları (-0.3 milyard dollar) və digər investisiyalar (-0.7 milyard dollar) hesabına formalaşıb.
"Hesabat dövründə ölkənin xalis xarici maliyyə öhdəlikləri isə 0.3 milyard dollar artıb ki, bu da xaricdən cəlb olunmuş birbaşa investisiyalar (-0.1 milyard dollar), neft bonusu (0.4 milyon dollar), portfel investisiyaları (-2.0 milyard dollar) və digər investisiyalar (2.4 milyard dollar) hesabına formalaşıb", - məlumatda vurğulanıb.
Birbaşa xarici investisiyalar üzrə xalis xarici maliyyə aktivləri 4.3 milyard dollar artıb, xalis xarici maliyyə öhdəlikləri isə 0.1 milyard dollar azalıb.
"Birbaşa xarici investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 3.7 milyard dollar xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 5.0 milyard dollar olub. Ümumilikdə birbaşa xarici investisiyalar üzrə 4.4 milyard dollar kəsir yaranıb.
Ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 76.1% təşkil edib", - bildirilib.
2026-cı ilin 6 ayı üzrə tədiyə balansında birbaşa xarici investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis xarici maliyyə öhdəliklərinin (-0.9 milyard dollar) azalması neft-qaz sektoru üzrə cəlb olunmuş investisiya ilə (2.8 milyard dollar) həmin sektor üzrə kapitalın repatriasiyası (3.7 milyard dollar əsasən beynəlxalq neft-qaz konsorsiumlarının payına düşən xam neft və təbii qaz şəklində olan kapital repatriasiyası) arasındakı fərqdən formalaşır.
"Qiymətləndirmələrə görə qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği 19.6% artaraq 0.9 milyard dollar olub ki, bunun da bir hissəsi (0.3 milyard dollar) ölkə iqtisadiyyatına gəlirlərin təkrarən investisiyası ilə bağlı olub", - məlumatda qeyd edilib.
