Bakı. Trend:
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistan cəmiyyətinin və ayrı-ayrı siyasi dairələrin reaksiyası təəssüf doğurmaqla yanaşı, qəbuledilməzdir. Çünki söhbət Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazilərindən gedir. Xarici diplomatların Azərbaycanın ərazisində səfəri heç bir halda Ermənistanın daxili siyasi müzakirələrinin predmeti ola bilməz.
Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib.
O bildirib ki, diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə qarşı təzyiq və linç xarakterli kampaniyaların aparılması siyasi mədəniyyət baxımından da qəbuledilməzdir:
“Ermənistan cəmiyyətində xarici diplomatların Azərbaycanın suveren ərazisində hərəkətinə görə hədəfə alınması hansı məntiqə sığır? Diplomatik nümayəndələrin səfər etdikləri ərazi Azərbaycanın ərazisidir və onların bu səfərləri Ermənistanın müdaxilə edə biləcəyi məsələ deyil. Əslində, bu cür reaksiyalar Ermənistan cəmiyyətində hələ də keçmiş münaqişə reallıqlarının tam aradan qalxmadığını göstərir. Sülh yalnız sənədlərin imzalanması ilə deyil, eyni zamanda siyasi düşüncənin, ictimai yanaşmaların və qarşılıqlı münasibətlərin dəyişməsi ilə mümkündür. Əgər bir tərəfdən sülhdən, normallaşmadan və regional əməkdaşlıqdan danışılırsa, digər tərəfdən Azərbaycanın suveren ərazisinə edilən diplomatik səfərlərə qarşı kampaniya aparılırsa, bu, ciddi ziddiyyət yaradır”.
Parlamentari qeyd edib ki, Ermənistan daxilində revanşist meyillərin hələ də özünü göstərməsi təəssüf doğurur:
“Son günlər yayılan bəzi məlumatlar və aparılan informasiya kampaniyaları göstərir ki, bu prosesdə hakimiyyətə yaxın siyasi və media resurslarının da fəallığı müşahidə olunur. Bu isə məsələnin yalnız ayrı-ayrı şəxslərin və ya qrupların mövqeyi olmadığını düşünməyə əsas verir. Ermənistan parlamentinin spikeri Ruben Rubinyanın Azərbaycanla bağlı səsləndirdiyi fikirlər də bu baxımdan xüsusi diqqət çəkir. Ermənistan parlamentinin rəhbərinin Azərbaycanın daxili məsələləri ilə bağlı açıqlamalar verməsi yolverilməzdir. Ermənistanın siyasi institutlarının Azərbaycan ərazisində baş verən proseslərə münasibət bildirməsi, xüsusilə də ölkəmizin suveren ərazisində həyata keçirilən diplomatik səfərləri müzakirə predmetinə çevirməsi iki ölkə arasında sülh prosesinin ruhuna uyğun gəlmir. Sentyabrın 14-də Ermənistan parlamentində 2022-ci il sentyabrın 12-13-də baş vermiş döyüşlər zamanı həlak olan erməni hərbçilərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi də bu kontekstdə diqqətdən kənarda qala bilməz. Həmin hadisələr Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi genişmiqyaslı hərbi təxribat nəticəsində baş vermişdi. Azərbaycan öz ərazisinin və dövlət sərhədinin müdafiəsini təmin etmək məcburiyyətində qalmışdı. Bu hadisələrin birtərəfli təqdim olunması və yalnız Ermənistan itkilərinin önə çəkilməsi tarixi və siyasi reallıqların təhrif edilməsinə xidmət edir. Bu yanaşma həm də regionda sülhün möhkəmləndirilməsi üçün zəruri olan qarşılıqlı etimad mühitinə mənfi təsir göstərir. Çünki davamlı sülh keçmişə münasibətdə obyektivlik, məsuliyyət və siyasi iradə tələb edir”.
S.Salmanova bildirib ki, Azərbaycan dəfələrlə regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın tərəfdarı olduğunu bəyan edib:
“Dövlətlərin ərazi bütövlüyü və suverenliyi beynəlxalq hüququn fundamental prinsipləridir və bu prinsiplərə münasibətdə ikili standartlara yol verilməməlidir. Ermənistan da özünün imzaladığı və qəbul etdiyi beynəlxalq sənədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını nəzərə alaraq, bu reallıqla hesablaşmalıdır. Təəssüf ki, son hadisələr Ermənistanın sülh prosesinə münasibətində müəyyən ziddiyyətlərin hələ də qaldığını göstərir. Azərbaycanın hərbi-siyasi üstünlüyü və 2023-cü ildə ərazi bütövlüyünün tam bərpasından sonra bölgədə yaranmış yeni vəziyyət Ermənistanı sülh gündəliyinə daha ciddi yanaşmağa vadar edib. Bu mərhələdə əsas məsələ əldə edilmiş nəticələrin geri çevrilməsinin deyil, onların üzərində dayanıqlı sülh və əməkdaşlıq mühitinin qurulmasının təmin edilməsidir. Bunun üçün isə Ermənistan cəmiyyətində revanşizmə, nifrət ritorikasına və Azərbaycanın suverenliyinə qarşı iddialara son qoyulmalıdır. Sülhün gələcəyi ilk növbədə cəmiyyətlərin düşüncəsində formalaşır. Ermənistanın siyasi rəhbərliyi də üzərinə düşən məsuliyyəti dərk etməli, cəmiyyətdə revanşist əhval-ruhiyyəni gücləndirən deyil, sülhü və qarşılıqlı etimadı təşviq edən mövqe ortaya qoymalıdır”.
O həmçinin söyləyib ki, Azərbaycan xalqının əsrlər boyu indiki Ermənistan ərazisində yaşaması, həmin torpaqlarda şəhərlər, kəndlər, məscidlər, qəbiristanlıqlar, tarixi və memarlıq abidələri yaratması tarixi faktlarla təsdiq olunub:
“Buna baxmayaraq, bu irsin izlərinin silinməsi, tarixi yaşayış məskənlərinin və qəbiristanlıqların dağıdılması, məscidlərin və digər mədəni abidələrin məhv edilməsi həmin ərazilərin tarixi-mədəni mənzərəsinin dəyişdirilməsinə yönəlmiş siyasətin tərkib hissəsidir. Mədəni irsin məhv edilməsi sadəcə tarixi abidələrin itirilməsi deyil. Bu, bir xalqın yaddaşına, onun tarixi kimliyinə və mədəni varlığına münasibət məsələsidir. Tarixi faktların dəyişdirilməsi, müəyyən xalqın izlərinin silinməsi və həmin ərazilərin keçmişinin birtərəfli şəkildə təqdim olunması müasir dünyada qəbul edilə bilməz. Beynəlxalq hüquq mədəni irsin qorunmasını dövlətlərin üzərinə mühüm öhdəlik kimi qoyur. 1954-cü il Haaqa Konvensiyası və UNESCO çərçivəsində formalaşmış beynəlxalq prinsiplər mədəni sərvətlərin silahlı münaqişələr zamanı qorunmasını və onların qəsdən məhv edilməsinə yol verilməməsini tələb edir. Bu baxımdan Azərbaycan xalqının tarixi-mədəni irsinə münasibətdə baş verənlərə beynəlxalq hüququn prinsipləri əsasında obyektiv qiymət verilməsi vacibdir”.
S.Salmanovanın sözlərinə göeə, bu gün Cənubi Qafqaz yeni mərhələyə qədəm qoyub:
“Qarabağ münaqişəsinin başa çatması regionda yeni imkanlar yaradıb. Nəqliyyat kommunikasiyalarının açılması, iqtisadi əlaqələrin genişləndirilməsi, sərhədlərin müəyyənləşdirilməsi və xalqlar arasında münasibətlərin normallaşdırılması üçün real perspektivlər mövcuddur. Lakin bu imkanlardan yararlanmaq üçün ilk növbədə keçmişin revanşist yanaşmalarından imtina etmək lazımdır. Azərbaycan öz mövqeyini dəfələrlə ortaya qoyub və bu mövqe dövlətimizin beynəlxalq hüquqa, sülhə və regional əməkdaşlığa sadiqliyinə əsaslanır. Ermənistanın qarşısında da seçim aydındır: ya yeni reallıqları qəbul edərək regionun sülh və əməkdaşlıq gündəliyinə qoşulacaq, ya da keçmişin siyasi stereotipləri və revanşist düşüncəsi ilə gələcək arasında maneə yaradacaq. Cənubi Qafqazın gələcəyi qarşıdurma ritorikasında deyil, suverenliyə hörmət, ərazi bütövlüyünün tanınması, qarşılıqlı etimad və əməkdaşlıq müstəvisində müəyyənləşəcək. Azərbaycan bu gələcəyin formalaşmasında öz məsuliyyətini dərk edir. Ermənistanın da eyni siyasi məsuliyyətlə çıxış etməsi artıq seçim deyil, regionun davamlı sülhə olan ehtiyacının tələbidir”.

