Bakı.Trend:
Məktəblərdə smartfonlardan istifadə qadağan edilib. Çünki düşünürük, smartfonlardan istifadə şagirdlərin diqqətini yayındırır.
Bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni dərs ili ilə bağlı mətbuat konfransında Trend-in sualını cavablayarkən deyib.
O qeyd edib ki, diqqətin yayınması birbaşa öyrənməyə mənfi təsir göstərir.
“PISA nəticələrində biz bu mənfi təsirləri gördük. Həqiqət də bundan ibarətdir ki, şagirdlərdə mobil cihazlardan istifadə öyrənmənin keyfiyyətini aşağı salır. Uşaqların mobil cihazlardan nə üçün istifadə etmələri önəmlidir”, - deyə nazir bildirib.
Nazir əlavə edib ki, əgər şagird mobil cihazı məqsədli istifadə edirsə faydalıdır.
“Amma şagird mobil cihazlardan oyun oynamaq üçün istifadə edirsə, bu onun təliminə ciddi şəkildə təsir göstərir. Bununla təhsilin keyfiyyəti mənfi istiqamətdə irəliləyir”,- deyə o vurğulayıb.
