Bakı. Trend:
Qlobal problemlər və dəyərlər böhranı fonunda türk dövlətləri arasında dini, mədəni və mənəvi sahələrdə əməkdaşlığın gücləndirilməsi vacibdir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Türkiyənin diyanət işləri naziri Safi Arpaquş Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini liderlərinin 7-ci Görüşündə deyib.
O qeyd edib ki, TDT artıq mühüm strateji birliyə çevrilib və üzv ölkələrin dini işlər və dini idarə rəhbərlərinin görüşləri yalnız siyasi və iqtisadi məsələlərlə məhdudlaşmamalıdır.
“Bu görüşləri sosial, mədəni və mənəvi istiqamətlərdə birliyimizi təmin edən strateji məsləhətləşmə platforması kimi qiymətləndirmək lazımdır. Bu cür görüşlər dini, tarixi və mədəni bağların yenidən canlandırılması, qloballaşmanın mənfi təsirlərinə qarşı ortaq baxış və yanaşmaların formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır”,- deyə o vurğulayıb.
S.Arpaquş əlavə edib ki, İslam dininin şiddət və terrorla əlaqələndirilməsi cəhdləri, eləcə də dünyanın müxtəlif bölgələrində müsəlmanlara qarşı sistemli təzyiqlər, nifrət nitqi və ksenofobiya narahatlıq doğurur.
“Türk dövlətləri olaraq sabitliyimizi və daxili təhlükəsizliyimizi təhdid edə biləcək bütün zərərli cərəyanlara qarşı ortaq mövqe və strategiyalar hazırlamaq məcburiyyətindəyik.
Türk dövlətlərinin dini qurumları arasında təcrübə mübadiləsinin artırılması vacibdir”,- deyə o bildirib.
Qeyd edək ki, sentyabrın 14-də Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Müsəlman Dini İdarələri rəhbərlərinin VII görüşü keçirilir. Görüşdə müsəlman dini qurumları arasında əməkdaşlığın daha da gücləndirilməsi, ailə institutunun qorunması və möhkəmləndirilməsi, elm və texnologiyaya İslamın yanaşması, eləcə də digər aktual məsələlər müzakirə olunacaq.
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Müsəlman Dini İdarə rəhbərləri Şurasının VII görüşündə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının dini qurumlarının rəhbərləri iştirak edirlər.
Ümumilikdə isə tədbirə 40 ölkəni və 15 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri qatılıblar.
