Azərbaycanın "yaşıl enerji" siyasəti Xəzər, Mərkəzi Asiya və Avropanı birləşdirən yeni imkanlar açır - Azər Qarayev

Yaşıl iqtisadiyyat Rəy 12 Sentyabr 2026 14:42 (UTC +04:00)
Azərbaycanın "yaşıl enerji" siyasəti Xəzər, Mərkəzi Asiya və Avropanı birləşdirən yeni imkanlar açır - Azər Qarayev
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

7-11 sentyabr tarixlərində Bakıda keçirilən IV İqlim Həftəsi Azərbaycanın son illərdə qlobal iqlim gündəliyində artan rolunun daha bir göstəricisi oldu. Tədbirin əsas mesajlarından biri iqlim öhdəliklərindən real fəaliyyətə keçidin sürətləndirilməsi idi. Bu baxımdan Bakı üçün İqlim Həftəsi yalnız beynəlxalq müzakirə platforması deyil, 2024-cü ildə COP29 çərçivəsində formalaşan təşəbbüslərin və Azərbaycanın "yaşıl enerji" siyasətinin növbəti mərhələsini nümayiş etdirmək imkanı idi. Ümumilikdə isə Azərbaycanın "yaşıl enerji" siyasəti Xəzər, Mərkəzi Asiya və Avropanı birləşdirən yeni imkanlar açır.

Bunu Trend-ə politoloq Azər Qarayev deyib.

"Azərbaycanın iqlim gündəliyində mövqeyinin güclənməsinin başlanğıc nöqtələrindən biri məhz COP29 oldu. 2024-cü ilin noyabrında Bakıda keçirilən konfransda inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyələşməsinin 2035-ci ilədək illik 300 milyard dollara çatdırılması barədə razılaşma əldə edildi. Eyni zamanda, bütün mənbələrdən dövlət və özəl maliyyənin illik 1,3 trilyon dollara qədər artırılması istiqamətində çağırış edildi. COP29-da Paris Sazişinin 6-cı maddəsi üzrə karbon bazarlarının əsas mexanizmlərinin razılaşdırılması da mühüm nəticələrdən biri oldu.

Lakin Azərbaycanın COP29-dan sonrakı fəaliyyətində əsas diqqət beynəlxalq iqlim diplomatiyası ilə yanaşı, ölkənin öz enerji sisteminin transformasiyasına yönəlib. Azərbaycan uzun illər neft və qaz ixracatçısı kimi tanınıb. İndi isə enerji strategiyasında bərpa olunan mənbələrin çəkisini sürətlə artıraraq ənənəvi enerji ilə "yaşıl enerji"ni paralel inkişaf etdirməyə çalışır", - o bildirib.

Onun sözlərinə görə, rəqəmlər bu dəyişimin miqyasını göstərir.

"Azərbaycanın bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt qiymətləndirilir. Xəzər dənizinin Azərbaycan sektorunda isə dəniz külək enerjisinin texniki potensialı 157 QVt təşkil edir. Hazırda ölkədə ümumi gücü 2070 MVt olan bərpa olunan enerji stansiyaları fəaliyyət göstərir. Onların 1 443,5 MVt-ı su elektrik, 306,5 MVt-ı külək, 278,2 MVt-ı günəş, 37 MVt-ı bioenerji və 7,3 MVt-ı hibrid stansiyaların payına düşür.

Növbəti illər üçün hədəflər isə daha böyükdür. İmzalanmış layihələr əsasında 2030-cu ilədək 6 QVt, 2032-ci ilədək isə 8 QVt günəş və külək enerjisi gücünün yaradılması planlaşdırılır. 2035-ci il üçün də 8 QVt-lıq bərpa olunan enerji gücü hədəfi müəyyənləşdirilib və bu potensialın həm daxili tələbatın ödənilməsinə, həm də ixraca yönəldilməsi nəzərdə tutulur", - politoloq bildirib.

A.Qarayev qeyd edib ki, bu siyasətin mühüm istiqamətlərindən biri Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji" zonasına çevrilməsidir.

"İşğaldan azad edilmiş ərazilərin bərpası yalnız infrastrukturun yenidən qurulması ilə məhdudlaşmır. Burada yeni yaşayış məntəqələri, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı, daha dayanıqlı enerji sistemi formalaşdırılır. Xüsusilə hidroenergetika Qarabağ və Şərqi Zəngəzur üçün mühüm istiqamətlərdən biridir. Son beş ildə regionda dövlət vəsaiti hesabına 40-a yaxın kiçik su elektrik stansiyası inşa edilib və onların ümumi gücü 300 MVt-ı keçib. Hazırda bu istiqamətdə yeni layihələr də həyata keçirilir. 2026-cı ilin iyulunda Laçında Hoçaz çayı üzərində ümumi gücü 32,95 MVt olan Ağbulaq-1, Ağbulaq-2 və Şeylanlı su elektrik stansiyaları istifadəyə verilib. Bölgədə kiçik hidroenergetikanın daha da genişləndirilməsi nəzərdə tutulur və gələcək layihələrlə bu potensialın əhəmiyyətli hissəsinin elektrik istehsalına cəlb edilməsi planlaşdırılır", - o bildirib.

Politoloq vurğulayıb ki, Azərbaycanın "yaşıl enerji" strategiyasının ən böyük üstünlüklərindən biri isə ölkənin yalnız elektrik enerjisi istehsal etmək deyil, onu xarici bazarlara çıxarmaq üçün imkanlar yaratmasıdır. Bunun üçün paralel olaraq bir neçə regional enerji dəhlizi formalaşdırılır.

"Onlardan ən mühümlərindən biri "Xəzər dənizi–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi"dir. "Black Sea Energy" kimi də tanınan bu layihə Azərbaycanın bərpa olunan enerji potensialının Gürcüstan üzərindən Qara dəniz vasitəsilə Avropaya çatdırılmasını nəzərdə tutur. Layihənin əsas elementi Qara dənizin altından çəkilməsi planlaşdırılan sualtı elektrik kabelidir. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında bu istiqamətdə strateji tərəfdaşlıq sazişi 2022-ci ildə imzalanıb.

2026-cı ildə layihənin birinci və ikinci mərhələləri Avropa Elektrik Ötürücü Sistem Operatorları Şəbəkəsinin (ENTSO-E) 2026-cı il üzrə inkişaf planının portfelinə daxil edilib. Hazırda layihə artıq işlənmə (development phase) mərhələsinə keçib. Bu infrastrukturun yaradılması Azərbaycanın "yaşıl enerji"sinin Avropa elektrik bazarına çıxarılması baxımından əsas istiqamətlərdən biri hesab olunur", - o bildirib.

Onun sözlərinə görə, digər mühüm istiqamət isə "Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi"dir. Azərbaycan, Qazaxıstan və Özbəkistan 2024-cü ildə COP29 çərçivəsində" yaşıl enerji"nin inkişafı və ötürülməsi üzrə strateji tərəfdaşlıq haqqında saziş imzalayıb. Daha sonra üç ölkənin enerji sistemlərinin operatorları tərəfindən birgə müəssisə yaradılıb və layihənin texniki-iqtisadi əsaslandırılmasına başlanılıb.

"Bu təşəbbüsün mahiyyəti daha geniş coğrafiyanı əhatə edir. Mərkəzi Asiyanın günəş və külək potensialı Xəzər vasitəsilə Azərbaycana, daha sonra Cənubi Qafqaz və Türkiyə üzərindən Avropa bazarlarına çıxarıla bilər. Beləliklə, Azərbaycan burada yalnız enerji istehsalçısı deyil, Mərkəzi Asiya ilə Avropa arasında "yaşıl enerji"nin tranziti üçün əsas həlqələrdən birinə çevrilir. Layihənin Orta Dəhliz boyunca enerji əlaqələrinin inkişafına əlavə imkanlar yaratması da onun strateji əhəmiyyətini artırır.

Bununla yanaşı, Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan istiqamətində qurulan elektrik bağlantısı da gələcək enerji ixracının coğrafiyasını genişləndirə bilər. Bu layihələr bir-birindən ayrı təşəbbüslər kimi deyil, tədricən vahid regional enerji şəbəkəsinin elementlərinə çevrilir. Azərbaycanın enerji strategiyasında əsas dəyişiklik də məhz burada görünür: ölkə artıq yalnız neft və qaz ixrac marşrutları yaratmır, gələcəkdə elektrik enerjisinin, xüsusilə "yaşıl enerji"nin ixracı üçün də infrastruktur qurur", - politoloq bildirib.

A.Qarayev qeyd edib ki, bu prosesdə Xəzər dənizinin potensialı ayrıca diqqət çəkir.

"Azərbaycanın Xəzər akvatoriyasında 157 QVt həcmində texniki külək enerjisi potensialının olması uzunmüddətli perspektivdə ölkəyə böyük imkanlar verir. Təbii ki, bu rəqəmin tam şəkildə reallaşdırılması texnologiya, investisiya, şəbəkə və ixrac infrastrukturu baxımından böyük vəsait tələb edir. Lakin məhz bu potensial Azərbaycanı gələcəkdə regional "yaşıl enerji"nin əsas istehsalçılarından birinə çevirmək imkanına malik ölkələr sırasına daxil edir.

Digər tərəfdən, artan bərpa olunan enerji güclərinin sistemə inteqrasiyası üçün yalnız yeni elektrik stansiyalarının tikilməsi kifayət deyil. Enerji şəbəkələrinin modernləşdirilməsi və enerji saxlama sistemlərinin yaradılması da vacibdir. Azərbaycanda artıq batareya əsaslı enerji saxlama sistemlərinin yaradılmasına başlanılıb. Bu, günəş və külək enerjisinin istehsalındakı dəyişkənliyin idarə olunması baxımından mühüm addımdır", - o bildirib.

Politoloq vurğulayıb ki, Bakı İqlim Həftəsi fonunda Azərbaycanın qarşısında duran mənzərə kifayət qədər aydın görünür. COP29 ölkəyə qlobal iqlim gündəliyində daha böyük rol qazandırdısa, sonrakı mərhələ bu siyasi və diplomatik kapitalı konkret enerji layihələrinə çevirməkdir.

"Qarabağ və Şərqi Zəngəzurda "yaşıl enerji" zonalarının yaradılması, Xəzərin külək potensialının istifadəyə verilməsi, günəş və külək stansiyalarının sürətlə artırılması, Mərkəzi Asiya ilə enerji bağlantılarının qurulması və Qara dəniz üzərindən Avropaya çıxış imkanlarının formalaşdırılması Azərbaycanın enerji siyasətində yeni mərhələ yaradır.

Bu mərhələnin əsas fərqi ondan ibarətdir ki, Azərbaycan öz enerji xəritəsini yalnız hasil etdiyi resurslar üzərində deyil, həm də istehsal etdiyi elektrik enerjisinin hansı istiqamətlərə və hansı infrastrukturla çatdırılacağı üzərində qurur. Başqa sözlə, ölkənin enerji strategiyasında yeni xəritə formalaşır: Xəzərdən Qarabağa, Mərkəzi Asiyadan Qara dənizə və oradan Avropaya uzanan "yaşıl enerji" bağlantıları Azərbaycanın gələcək enerji rolunu müəyyənləşdirən əsas layihələrə çevrilir", - A.Qarayev əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti