Xankəndi. Trend:
Xankəndi şəhərində hazırda 28 min insan yaşayır.
Trend-in Qarabağ və Şərqi Zəngəzura ezam olunan müxbiri xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzini ziyarət edən diplomatik korpusa müraciətində deyib.
“Xankəndidən məcburi köçkün olmuş əhalinin qayıdış prosesi davam edir. Hazırda Xankəndidə 3 000-dən çox tələbə məskunlaşıb və təhsil alır. Bu göstərici ümumi əhalinin 10 faizindən çoxunu təşkil edir”, - Elçin Yusubov bildirib.
Xüsusi nümayəndə qeyd edib ki, şəhərdə yeni yaşayış binaları və parkların inşası həyata keçirilir, müasir tələblərə cavab verən yollar salınır.
Onun sözlərinə görə, eyni zamanda şəhərin simasına və müasir şəhərsalma standartlarına uyğun gəlməyən yöndəmsiz tikililərin sökülməsi prosesi intensivləşdirilib.
Bununla yanaşı, yeni tələblərə cavab verən müasir tikililərin inşası üçün layihələndirmə işlərinə başlanılıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə sentyabrın 11-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb.
Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir.
Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri Prezident İlham Əliyevin rəhbərliyi ilə Xankəndi və Şuşa şəhərlərində, Ağdərə və Kəlbəcər rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq və inkişaf prosesi çərçivəsində reallaşdırılan sosial və iqtisadi infrastruktur layihələri, eləcə də tarixi-mədəni irs nümunələrinin mövcud vəziyyəti, onların qorunması və bərpası istiqamətində görülən tədbirlərlə tanış olacaqlar.
