Bakı.Trend:
İlin sonunadək 12 minə yaxın tərbiyəçi-müəllimin sertifikatlaşdırılması keçiriləcək.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov Təhsil İşçilərinin Sentyabr Konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, 11 mindən çox tərbiyəçi-müəllimin bilik və bacarıqları qiymətləndirilib
“Uşağın məktəbəqədər təhsilə çıxışını təmin etmək hələ keyfiyyətli məktəbəqədər təhsil demək deyil. Keyfiyyəti müəyyən edən əsas amillərdən biri hər gün uşağın qarşısında dayanan tərbiyəçi-müəllimdir. Bu səbəbdən son illərdə tərbiyəçi-müəllimlərin işə qəbulunda mərkəzləşdirilmiş və rəqabətli seçim mexanizmi tətbiq edilib.
Bu mexanizm vasitəsilə təxminən 1300 ixtisaslı tərbiyəçi-müəllim sistemə cəlb olunub. Eyni zamanda tərbiyəçilərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi istiqamətində geniş diaqnostik proses həyata keçirilib, 11 mindən çox tərbiyəçinin bilik və bacarıqları qiymətləndirilərək onların peşəkar inkişaf ehtiyacları müəyyən edilib. Növbəti mühüm mərhələ tərbiyəçi-müəllimlərin sertifikatlaşdırılmasıdır. İlin sonunadək 12 minə yaxın tərbiyəçi-müəllimin sertifikatlaşdırılması təşkil ediləcək”,- deyə o bildirib.
E.Bağırov əlavə edib ki, məktəbəqədər təhsildə yanaşmasının iki əsas xətti bir-birini tamamlayır: daha çox uşağa çıxış yaratmaq və həmin uşağın qarşısına daha hazırlıqlı, daha peşəkar pedaqoq çıxarmaq.
