Azərbaycan-Türkiyə enerji əməkdaşlığı yeni strateji mərhələyə keçir - Alparslan Bayraktar

Energetika Xəbər 11 Sentyabr 2026 13:15 (UTC +04:00)
Azərbaycan-Türkiyə enerji əməkdaşlığı yeni strateji mərhələyə keçir - Alparslan Bayraktar
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə ilə Azərbaycan arasında enerji əməkdaşlığı yalnız neft və təbii qazla məhdudlaşmır, mədənçilikdən bərpa olunan enerjiyə, enerji səmərəliliyindən elektrik bazarlarına, ötürmə və paylanmaya qədər geniş sahələri əhatə edir.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Azərbaycan-Türkiyə V Enerji Forumunda deyib.

O bildirib ki, iki ölkə arasında əlaqələr sıradan qonşuluq və ya ticarət münasibətləri deyil, sarsılmaz qardaşlıq, qarşılıqlı etimad və tarixi uğurlara əsaslanır.

"Bu gün Türkiyə-Azərbaycan Enerji Forumunun beşincisi münasibətilə Azərbaycanda, Bakıda olmaqdan duyduğum məmnuniyyəti ifadə etmək istəyirəm. Bu toplantının ölkələrimiz arasında əməkdaşlıq imkanlarının şaxələndirilməsi və dərinləşdirilməsi baxımından yeni üfüqlər açacağına inanıram", - deyə A.Bayraktar bildirib.

Onun sözlərinə görə, enerji iki ölkə arasındakı güclü əlaqələrin ən mühüm və konkret sahələrindən biridir.

"Bu forumu sadəcə iki ölkənin enerji sektorlarının bir araya gəlməsi kimi görmürük. Bura "Bir millət, iki dövlət" şüarı ilə ortaq gələcəyimizi formalaşdırdığımız və bu vizyonu konkret layihələrə çevirdiyimiz strateji platformadır", - deyə nazir vurğulayıb.

A.Bayraktar qeyd edib ki, təbii qaz sahəsində əməkdaşlıq, karbohidrogen layihələri və Azərbaycan enerji resurslarının Türkiyə üzərindən regional və qlobal bazarlara çıxarılmasını təmin edən boru kəmərləri iki ölkə arasında əməkdaşlığın mühüm nümunələrindəndir.

"Bu layihələr enerji resurslarının bir ölkədən digərinə daşınmasından daha artıq məna daşıyır. Onlar ölkələrimizin bir-birinə olan etimadının, uzunmüddətli baxışının və birlikdə hərəkət etmək iradəsinin konkret nümunələridir", - deyə o bildirib.

Nazir bildirib ki, enerji sahəsində əməkdaşlıq mədənçilikdən bərpa olunan enerjiyə, karbohidrogenlərdən enerji səmərəliliyinə, elektrik bazarlarından ötürmə və paylanmaya qədər geniş istiqamətləri əhatə edir.

"Enerji Forumu çərçivəsində fəaliyyət göstərən 6 işçi qrupunun fəaliyyəti münasibətlərimizin gələcəyi baxımından bizə böyük inam verir. İşçi qruplarının gördüyü işlər yalnız bugünkü əməkdaşlığımızı inkişaf etdirmir, həm də iki ölkənin və regionun enerji gələcəyini sağlam təməllər üzərində formalaşdırır", - deyə A.Bayraktar vurğulayıb.

O qeyd edib ki, forumun iki ölkə arasında elektrik enerjisi və interkonnektorlar sahəsində, xüsusilə son dövrdə artan dialoq və əməkdaşlıq prosesi ilə eyni vaxta təsadüf etməsi də xüsusi əhəmiyyət daşıyır.

"Qlobal enerji sektoru çox mühüm transformasiya mərhələsindən keçir. Enerji getdikcə daha çox elektrik mərkəzli xarakter alır. Sənaye, nəqliyyat, binalar və gündəlik həyatın artan şəkildə elektrik enerjisi ilə təmin olunması elektrik enerjisinə tələbi artırır və elektrik sistemlərinin əhəmiyyətini hər keçən gün yüksəldir", - deyə nazir bildirib.

A.Bayraktarın sözlərinə görə, bu transformasiya dünyada enerji sahəsində yeni reallığı ortaya qoyur.

"Artıq məsələ yalnız enerji istehsal etmək deyil. İstehsal olunan enerjini ən təhlükəsiz, dayanıqlı, sürətli və səmərəli şəkildə tələbat mərkəzlərinə, yəni istehlakçılara və vətəndaşlara çatdırmaqdır", - deyə o qeyd edib.

Nazir bildirib ki, güclü və bir-biri ilə əlaqəli elektrik sistemləri enerji təchizatının təhlükəsizliyini dəstəkləyir, resurslardan daha səmərəli istifadəyə imkan yaradır, bərpa olunan enerjinin sistemə inteqrasiyasını asanlaşdırır və ölkələr arasında yeni ticarət imkanları formalaşdırır.

"Bu baxımdan, biz interkonnektorları və ölkələr arasında yeni elektrik ticarətini sadəcə iki elektrik sistemi arasında yaradılan bağlantı kimi deyil, enerji sistemlərimizi bir-birinə daha da yaxınlaşdıran strateji əməkdaşlıq sahəsi kimi görürük. Azərbaycanla birlikdə həyata keçirdiyimiz işlər məhz bu vizyonun mühüm hissəsidir", - deyə A.Bayraktar vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti