Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə seçilib (FOTO)

Mədəniyyət Xəbər 11 Sentyabr 2026 12:46 (UTC +04:00)
Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə seçilib (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət mükafatı laureatı, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif olunan Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) növbəti konfransının nəticələrinə əsasən ittifaqın sədri seçilib.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, konfransın açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəfiqə Məmmədova Azərbaycan teatr və kino sənətinin tanınmış nümayəndələrindən biri olmaqla, milli mədəniyyətin inkişafına mühüm töhfələr verib. O, uzunillik yaradıcılıq fəaliyyəti ərzində teatr və kinoda çoxsaylı rollar ifa edərək tamaşaçılar və peşəkar ictimaiyyət tərəfindən böyük rəğbət qazanıb.

Onun Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə seçilməsi qarşısında yerli kinematoqrafiyanın dəstəklənməsi, sahə nümayəndələrinin bir araya gətirilməsi və milli kinonun təşviqi kimi mühüm vəzifələr duran təşkilatın fəaliyyətində yeni mərhələnin başlanğıcını qoyur.

Konfrans çərçivəsində Kinematoqrafçılar İttifaqının fəaliyyəti, yerli kinematoqrafiyanın gələcək inkişafı, peşəkar ictimaiyyətin dəstəklənməsi, həm ölkə daxilində, həm də beynəlxalq arenada milli kinonun təbliği ilə bağlı aktual məsələlər müzakirə olunub.

Gündəlikdə əsas məsələlərdən biri Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni İdarə Heyətinin seçilməsi olub. Konfrans iştirakçıları namizədləri nəzərdən keçirərək təşkilatın rəhbər orqanlarının tərkibini müəyyənləşdiriblər.
Tədbir zamanı Azərbaycan kinematoqrafiyasının inkişaf perspektivləri, milli kino ənənələrinin qorunub saxlanılması, yaradıcılıq təşəbbüslərinin dəstəklənməsi, eləcə də yeni nəsil rejissorlar, ssenaristlər, aktyorlar və kino sənayesinin digər mütəxəssisləri üçün imkanların genişləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.

Konfrans iştirakçıları, həmçinin milli kinonun nailiyyətlərinin bundan sonra da təbliğ edilməsinin, beynəlxalq əməkdaşlığın genişləndirilməsinin və Azərbaycan kinematoqrafiyasının nüfuzlu beynəlxalq kinofestivallarda və mədəniyyət platformalarında layiqincə təmsil olunmasının vacibliyini vurğulayıblar.

Konfransın yekunlarına əsasən iştirakçılar AKİ-nin yenilənmiş rəhbər heyətinin Azərbaycan kinosunun gələcək inkişafına yönəlmiş yeni layihə və təşəbbüslərin həyata keçirilməsinə töhfə verəcəyinə əminliklərini ifadə ediblər.

Xəbər lenti

Xəbər lenti