Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir

İqtisadiyyat Xəbər 11 Sentyabr 2026 17:00 (UTC +04:00)
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Asiyanın aparıcı investisiya institutları ilə əməkdaşlığı genişlənir.

Bu barədə ARDNF-nin yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti 6–11 sentyabr tarixlərində Çinə işgüzar səfər edib.

Səfərin əsas məqsədi Çin ilə investisiya əməkdaşlığının gücləndirilməsi və qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarının genişləndirilməsidir.

Səfər çərçivəsində nümayəndə heyəti bir sıra beynəlxalq maliyyə qurumları, investisiya şirkətləri və dövlət qurumlarının nümayəndələri ilə görüşlər keçirib, iri regional tədbirlərdə iştirak edib.

Səfərin əsas hissəsi Syamen şəhərində keçirilən Çinin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisi ("CIFIT") çərçivəsində baş tutub. ARDNF nümayəndələri sərginin açılış mərasimində iştirak ediblər. Bundan əlavə, "CIC"-nin sədri və icraçı direktoru Qingsong Zhang, həmçinin "Brookfield Asset Management" şirkətinin baş icraçı direktoru Brüs Flətt ilə görüşlər keçirilib. Daha sonra ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov Çin Xalq Respublikasının vitse-prezidenti Han Zhengin sədrlik etdiyi dəyirmi masada iştirak edib. Tədbirdə Çinin mərkəzi və regional dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri, eləcə də dünyanın aparıcı korporasiyalarının rəhbərləri, enerji, maliyyə, sənaye, texnologiya, səhiyyə və istehlak sektorlarını təmsil edən qlobal şirkətlərin nümayəndələri iştirak edib.

Bundan əlavə, ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov “Çinin Xaricə İnvestisiyası” adlanan sessiyada Çin-ASEAN Birgə İnvestisiya Şurasına (“CAJIC”) həsr olunan panel müzakirədə çıxış edib. Regionun aparıcı suveren investorlarının iştirak etdiyi müzakirədə birgə fəaliyyət nəticəsində regiona daha çox investisiya cəlb edilməsi və Çin ilə “ASEAN” arasında kapital mübadiləsinin gücləndirilməsi imkanları müzakirə olunub. Çıxışında İsrafil Məmmədov Çin və “ASEAN” bazarlarının artıq ayrı-ayrı deyil, vahid iqtisadi ekosistem kimi qiymətləndirilməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, ARDNF üçün region ilə əməkdaşlıq təkcə kapital yönləndirmək deyil, həm də etibarlı tərəfdaşlıqlar qurmaq və bazar barədə dərin təcrübə əldə etmək deməkdir. O, həm də Fondun bu formatda iştirakının Azərbaycanın Asiya bazarları ilə maliyyə əlaqələrinin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıdığını bildirib.

Səfər zamanı ARDNF nümayəndə heyəti, həmçinin dünyanın aparıcı maliyyə şirkətlərindən biri olan “Brookfield Asset Management” ilə əlaqələrini genişləndirib. Heyət Honq-Konqda “Brookfield Asset Management” tərəfindən təşkil olunmuş forumda iştirak edib. Forumda qlobal kapital bazarlarının cari vəziyyəti, o cümlədən kredit, infrastruktur, enerji, daşınmaz əmlak və özəl kapital sahələri üzrə investisiya perspektivləri müzakirə olunub, aparıcı beynəlxalq institusional investorların bu istiqamətlərdə formalaşan tendensiyalara dair yanaşmaları təqdim edilib.

Səfər çərçivəsində əldə olunan nəticələr ARDNF-nin Asiya regionunda formalaşan investisiya əlaqələrinin davamlı şəkildə genişləndirildiyini göstərir. “CIC” ilə aparılan görüşlər Fondun bu bazarda formalaşmış institusional əlaqələrini daha da dərinləşdirməsinə, “CAJIC”-in təsisçi üzvlərin biri olması isə ARDNF-nin regionun aparıcı suveren fondları şəbəkəsində mühüm mövqe qazanmasına töhfə verir. Eyni zamanda, "Brookfield Asset Management" kimi qlobal institusional investorlarla əməkdaşlığın genişləndirilməsi ARDNF-yə regional bazarlar barədə birbaşa bilik, etibarlı tərəfdaşlar və yeni investisiya imkanlarına çıxış təmin edir.

Səfər Azərbaycan üçün də daha geniş strateji məna daşıyır. Orta Dəhlizin Asiya və Avropa arasında əlaqələrin gücləndirilməsində rolunun artması Azərbaycanın iki region arasında strateji mövqeyini daha da önəmli edir. ARDNF-nin Asiyanın aparıcı investisiya institutları ilə əməkdaşlığının genişlənməsi isə bu fiziki əlaqəni maliyyə əlaqəsi ilə tamamlayır, Azərbaycan Asiya ilə həm coğrafi, həm də iqtisadi baxımdan daha sıx bağlanır.

İndoneziya İnvestisiya Qurumunun (INA) Fondlar və Kapital Tərəfdaşlığı üzrə direktoru Merlissa Trisnonun Trend-ə verdiyi müsahibəyə görə, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) platformanın təsisçi suveren investorlarından biri kimi mühüm strateji rol oynayır.

"Azərbaycan Respublikası Dövlət Neft Fondu platformanın təsisçi suveren investorlarından biri kimi mühüm rol oynayır. Onun iştirakı üç suveren fondun dünyanın ən dinamik inkişaf dəhlizlərindən biri boyunca uzunmüddətli investisiyaları və iqtisadi əməkdaşlığı dəstəkləmək istiqamətində ortaq öhdəliyini nümayiş etdirir", – deyə Merlissa Trisno bildirib.

Onun sözlərinə görə, CAIP Çin İnvestisiya Korporasiyası (CIC), İndoneziya İnvestisiya Qurumu (INA) və ARDNF-nin maliyyə imkanlarını, institusional təcrübəsini və beynəlxalq şəbəkələrini bir araya gətirərək regionda yüksək keyfiyyətli investisiya layihələrinin maliyyələşdirilməsini hədəfləyir.

"Platforma uzunmüddətli kapitalı, institusional təcrübəni və qlobal şəbəkələri birləşdirərək yüksək keyfiyyətli investisiya imkanları vasitəsilə regionun inkişafına töhfə verməyi qarşıya məqsəd qoyur", – deyə o qeyd edib.

Merlissa Trisno əlavə edib ki, hazırda platforma üzrə təxminən 520 milyon ABŞ dolları həcmində ilkin maliyyələşdirmə təmin olunub, ümumi hədəf isə 1 milyard ABŞ dollarıdır. Onun sözlərinə görə, gələcəkdə yeni institusional investorların cəlb olunması da nəzərdə tutulur.

"Hesab edirik ki, platforma zaman keçdikcə İndoneziya, Çin, ASEAN ölkələri, Azərbaycan və digər tərəfdaşlar arasında iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi üçün güclü zəmin yaradacaq", – deyə INA rəsmisi vurğulayıb.

Bu arada, ARDNF-nin beynəlxalq investisiya platformalarında iştirakının strateji əhəmiyyəti də diqqət çəkir. "Galaxy Orientis" Çin–ASEAN İnvestisiya Platformasının (CAIP) idarəedici tərəfdaşı olan "CGS International Securities" şirkəti Fondun platformaya mühüm institusional dəyər qatdığını bildirib.

"ARDNF platformaya xüsusi institusional baxış gətirir. Fond müxtəlif geosiyasi mühitlərdə uzunmüddətli investisiyalar həyata keçirmək təcrübəsinə və karbohidrogen gəlirlərinin idarə edilməsindən formalaşmış mürəkkəb portfel quruculuğu yanaşmasına malikdir", – deyə "CGS International Securities" şirkətinin Aktivlərin İdarə Edilməsi üzrə Qrup rəhbəri Ceyms Onq (James Ong) Trend-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ARDNF eyni zamanda Asiyada geniş özəl investisiya təcrübəsinə malik olan Çin İnvestisiya Korporasiyası (CIC) və İndoneziya İnvestisiya Qurumu (INA) ilə əməkdaşlıqdan, eləcə də çoxtərəfli suveren investisiya platformasında fəaliyyət göstərməyin yaratdığı institusional üstünlüklərdən faydalanır.

"Bu cür suveren əməkdaşlıq artıq birtərəfli kapital axını deyil, bütün iştirakçı fondlara fayda verən model kimi qəbul edilir", – deyə Ceyms Onq vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti