Xankəndi. Trend:
Xankəndi şəhərində “Regional məşğulluq ekosisteminin qurulması: işəgötürənlərlə birgə fəaliyyət mexanizmləri” mövzusunda dəyirmi masa keçirilib.
Trend-in Qarabağ bürosunun məlumatına görə, tədbirdə dövlət qurumlarının, işəgötürənlərin və aidiyyəti təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Ramal Quluzadə bildirib ki, avqustun 31-nə olan məlumata əsasən, işğaldan azad edilmiş ərazilərə ümumilikdə 39 269 nəfərdən ibarət 9 714 keçmiş məcburi köçkün ailəsi qayıdıb.
Onun sözlərinə görə, Şərqi Zəngəzur iqtisadi rayonuna 13 321 nəfərdən ibarət 3 188 ailə, Qarabağ iqtisadi rayonuna isə 25 948 nəfərdən ibarət 6 526 ailə köçürülüb.
Dəyirmi masa çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məşğulluq imkanlarının genişləndirilməsi, işəgötürənlərlə əməkdaşlığın gücləndirilməsi, əmək bazarının tələblərinə uyğun kadr hazırlığı və yeni iş yerlərinin yaradılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Bildirilib ki, Böyük Qayıdış prosesinin davam etdiyi şəraitdə əhalinin məşğulluğunun təmin edilməsi və dayanıqlı iş imkanlarının yaradılması əsas prioritetlərdəndir.
