Bakı.Trend:
Beynəlxalq Enerji Agentliyinin (IEA) son hesabatında bildirilir ki, 2026-cı ildə dünya üzrə neft tələbatının illik ifadədə günə 2,5 milyon barel (b/g) azalacağı gözlənilir.
IEA-nın proqnozu agentliyin bir ay əvvəl açıqladığı qiymətləndirmədən 940 min b/g aşağıdır. Proqnozun aşağı istiqamətdə yenidən nəzərdən keçirilməsi əsasən ABŞ və İran arasında danışıqlarda irəliləyişin olmaması, Fars körfəzi ölkələrindən neft ixracında davam edən fasilələr və xüsusilə dizel yanacağının qiymətlərinin rekord səviyyəyə çatması ilə əlaqədardır.
“Davam edən qarşıdurmanı nəzərə alaraq, əvvəllər 2026-cı ilin ikinci yarısında gözlədiyimiz normallaşmanın 2027-ci ilə qədər təxirə salınacağını və 2026-cı il ərzində Hörmüz boğazından gəmiçiliyin məhdud olaraq qalacağını güman edirik”,-deyə hesabatda bildirilir.
IEA 2027-ci ildə dünya üzrə neft tələbatının bərpa olunaraq 105 milyon b/g-ə çatacağını gözləyir ki, bu da 2026-cı il üçün proqnozlaşdırılan azalmanı demək olar ki, tam kompensasiya edəcək.
Agentliyin qiymətləndirməsinə görə, 2026-cı ildə tələbatın azalmasının miqyası son 60 ildə baş vermiş dörd ən böyük neft şoku ilə müqayisə oluna bilər. Bunlara 1970-ci illərin neft böhranları, 2007–2008-ci illərdə qlobal maliyyə böhranı və COVID-19 pandemiyası daxildir.
Bununla yanaşı, hazırkı vəziyyət XXI əsrin iki ən böyük sarsıntısından – qlobal maliyyə böhranı və pandemiyadan – onunla fərqlənir ki, hazırkı şok, ilk növbədə, təklif məhdudiyyətlərindən qaynaqlanır.
“Tarixən təklif şokları neft tələbatına daha əhəmiyyətli təsir göstərib və onun daha uzunmüddətli azalmasına səbəb olub. Çünki təklifin azalmasının ilkin təsirləri fasilələrə səbəb olan amil aradan qalxdıqdan sonra belə iqtisadi fəallığa mənfi təsir göstərir”,-deyə IEA qeyd edir.
Agentlik xatırladır ki, 1970-ci illərin neft böhranları dünya üzrə neft istehlakında uzunmüddətli struktur dəyişikliklərinə səbəb olub. İranda İslam inqilabından və ardınca baş verən İran-İraq müharibəsindən sonra dünya üzrə neft tələbatı dörd il ərzində azalıb və təxminən 10 faiz geriləyib. Bundan sonra tələbatın artımı əhəmiyyətli dərəcədə daha yavaş templərlə bərpa olunub.
IEA-nın məlumatına görə, 1970-ci illərin neft böhranlarından sonra müşahidə olunan bəzi struktur dəyişiklikləri bu gün də özünü göstərir. Bunlara neftin təbii qaz və elektrik enerjisi ilə əvəzlənməsi, nəqliyyat vasitələrinin səmərəliliyinə dair tələblərin sərtləşdirilməsi, elektrik avtomobillərindən və yüksək sürətli dəmir yolu nəqliyyatından istifadənin genişlənməsi, həmçinin distant (məsafədən) iş praktikasının geniş yayılması nəticəsində mobillik modellərinin dəyişməsi daxildir.
“Müasir texnoloji vəziyyətin 1980-ci illərlə müəyyən oxşarlıqları var”,-deyə agentlik bildirir.
IEA qeyd edir ki, elektrik enerjisi istehsalında, xüsusilə Yaxın Şərqdə neftdən digər enerji mənbələrinə keçid artıq tələbatın azalmasına təzyiq göstərir və bunun yaxın illərdə sürətlənəcəyi gözlənilir.
Agentlik ayrıca Çinin rolunun dəyişdiyini vurğulayır. Onun qiymətləndirməsinə görə, əvvəlki dövrlərdə Çində neft tələbatının yüksək artımı əvvəlki şoklardan sonra dünya bazarının bərpasına kömək edib, lakin “artıq bunu zəmanətli hesab etmək olmaz”.
IEA xəbərdarlıq edir ki, Fars körfəzi ölkələrindən neft tədarükündə uzunmüddətli fasilələr və ya dünya iqtisadiyyatının vəziyyətinin daha da pisləşməsi 2027-ci ildə tələbatın gözləniləndən daha zəif bərpasına səbəb ola bilər.
“Gələn il bazarın normal vəziyyətinə qayıdış heç də zəmanətli deyil, xüsusilə Fars körfəzi ölkələrindən neft tədarükündə pozuntuların daha uzun müddət davam edəcəyi təqdirdə”,-deyə hesabatda qeyd olunur.
