Bakı. Trend:
“ASAN xidmət” Azərbaycanın milli innovasiyasının və dövlət sektorunda həyata keçirilən islahatların beynəlxalq səviyyədə tanınan modelinə çevrilib və hazırda bu model əsasında yaradılmış vahid xidmət mərkəzləri dünyanın dörd qitəsində 600-ə yaxın mərkəzi əhatə edir.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi Məhəmmədəli Xudaverdiyev Beynəlxalq İnkişafa Yardım Agentliyinin təsis edilməsinin 15-ci ildönümünə həsr olunmuş “Humanitar dəstək və inkişaf üçün əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin təşviqi” mövzusunda konfrans çərçivəsində keçirilən “Davamlı inkişaf və effektiv humanitar yardım üçün tərəfdaşlıqlar” adlı panel sessiyada deyib.
O bildirib ki, “ASAN xidmət” dövlət xidmətlərinin vahid məkanda və müxtəlif kanallar vasitəsilə göstərilməsini təmin edən çoxkanallı xidmət modelidir.
“ASAN xidmət” bir məkanda 400 dövlət xidmətinin vətəndaşlara təqdim edildiyi, həmçinin səyyar avtobusların fəaliyyət göstərdiyi çoxkanallı dövlət xidmətlərinin göstərilməsi modelinin yaxşı nümunəsidir. Bizim şüarımız aydındır: heç kəsi geridə qoymamaq. “ASAN xidmət” olaraq əsas məqsədimiz müxtəlif kanallar vasitəsilə şəhərdən rayonlara, hətta dağlıq ərazilərə qədər hər kəsə çatmaqdır”, - deyə M.Xudaverdiyev qeyd edib.
Onun sözlərinə görə, “ASAN xidmət”in fəaliyyətində vətəndaş məmnuniyyəti əsas göstəricilərdən biridir və modelin beynəlxalq səviyyədə tanınması Azərbaycanın dövlət idarəçiliyi sahəsində innovasiya və islahat təcrübəsinin ixracına imkan yaradıb.
“ASAN xidmət” Azərbaycanın milli innovasiyası və islahatıdır. Bu gün biz aydın şəkildə görürük ki, Azərbaycanın dövlət sektorunda innovasiya baxımından həyata keçirdiyi bu milli islahat və gündəm beynəlxalq səviyyədə tanınan modelə çevrilib”, - deyə o bildirib.
M.Xudaverdiyev qeyd edib ki, “ASAN xidmət” iki dəfə BMT mükafatına layiq görülüb və beynəlxalq səviyyədə digər mühüm mükafatlara da sahibdir.
“ASAN xidmət” həmçinin təxminən üç il əvvəl keçirilən illik Dünya Hökumət Sammitində “Ən yaxşı dövlət xidməti” tituluna layiq görülüb. Bu mükafatlar “ASAN xidmət”in yüksək səviyyədə beynəlxalq tanınmasının göstəriciləridir”, - deyə Dövlət Agentliyinin nümayəndəsi vurğulayıb.
O bildirib ki, hazırda “ASAN xidmət” əsasında yaradılmış vahid xidmət mərkəzləri dünyanın müxtəlif ölkələrində təxminən 600 mərkəzi əhatə edir və bu ölkələrdə 800 milyondan çox əhali üçün dövlət xidmətlərinin əlçatanlığına töhfə verir.
“Bu ölkələr yalnız indiyədək əməkdaşlıq etdiyimiz ölkələr deyil, bir çoxu ilə artıq saziş və anlaşma memorandumlarımız var. Biz dörd qitəni əhatə edirik və Afrika qitəsində də çox fəalıq”, - deyə M.Xudaverdiyev əlavə edib.
Onun sözlərinə görə, “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə tətbiqinə Əfqanıstan, İndoneziya, Özbəkistan və Uqandadakı mərkəzləri nümunə göstərmək olar.
M.Xudaverdiyev Azərbaycanın Efiopiyada dövlət xidmətlərinin inkişafı istiqamətində əməkdaşlığına da toxunub.
“Efiopiyanın dövlət xidmətləri üzrə MESOB modeli də bu baxımdan maraqlı nümunədir. Yerli dildə “MESOB” səbət, yəni hər şeyin bir yerdə olması mənasını verir. Onlar digər Afrika ölkələrini dövlət xidmətlərini və dövlət sektorunu inkişaf etdirməyə təşviq edirlər. Hazırda onların 100-dən çox dövlət xidmətləri mərkəzi var”, - deyə o bildirib.
Dövlət Agentliyinin nümayəndəsi “ASAN xidmət” modelinin Somalidə tətbiqi perspektivlərinin də müzakirə edildiyini bildirib.
“Somalinin Azərbaycandakı səfiri ilə də bu istiqamətdə sıx əməkdaşlıq edirik və “ASAN xidmət” modelinin Somalidə tətbiqi potensialını müzakirə edirik”, - deyə M.Xudaverdiyev qeyd edib.
O, Azərbaycanın Pakistanla əməkdaşlıq çərçivəsində “ASAN” modelinin tətbiqində də mühüm nəticələr əldə etdiyini vurğulayıb.
“Biz İslamabadda ilk Pakistan-ASAN Mərkəzini yaratmağa nail olduq. Hazırda “ASAN” modelinin genişləndirilməsi prosesi davam edir və Pakistandakı tərəfdaşlarımızla bu istiqamətdə sıx əməkdaşlıq edirik”, - deyə o əlavə edib.
