COP31 iştirakçıları üçün xüsusi viza tətbiq ediləcək

Yaşıl iqtisadiyyat Xəbər 10 Sentyabr 2026 13:49 (UTC +04:00)
COP31 iştirakçıları üçün xüsusi viza tətbiq ediləcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

COP31-də iştirak edəcək bütün tərəflər üçün viza prosedurlarının asanlaşdırılması təmin ediləcək.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Türkiyə Respublikasının Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin Dəstək Xidmətləri İdarəsinin rəisi Ahmet Sami Kulaklıoğlu "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" çərçivəsində keçirilən "COP31: əməliyyatların idarə edilməsi" tədbirində deyib.

Onun sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Katibliyinin qeydiyyat sistemində təsdiqlənən iştirakçılar üçün COP31 xüsusi vizası tətbiq edilib.

"Bu vizaya Katibliyin qeydiyyat təsdiqi ilə göndərilən elektron poçtdakı keçid vasitəsilə və Türkiyə Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri üzərindən müraciət etmək mümkündür. Gələn həftədən etibarən veb-səhifədə də müvafiq keçid istifadəyə veriləcək", - deyə A.S.Kulaklıoğlu bildirib.

O qeyd edib ki, rəsmi akkreditasiya prosesləri əvvəlki illərdə olduğu kimi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Katibliyinin onlayn qeydiyyat sistemi vasitəsilə həyata keçirilir. Media akkreditasiyası da eyni sistem üzərindən aparılır.

A.S.Kulaklıoğlu COP31 ərazisində qida və iaşə xidmətləri ilə bağlı hazırlıqların da davam etdiyini bildirib.

"Menularımız veqan, vegetarian, qlütensiz, halal və xüsusi qidalanma ehtiyaclarını əhatə edəcək şəkildə müxtəlif kateqoriyalarda hazırlanır. COP31 ərazisində 22 restoran, 65 köşk və kifayət qədər sayda avtomatla əlçatan və əhatəli qida infrastrukturu qururuq. Beləliklə, bütün iştirakçılar hər 80 addımdan bir qida və içki məntəqəsinə çata biləcəklər", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, Antalya həm turizm, həm də kənd təsərrüfatı şəhəri olduğundan yerli məhsullardan geniş istifadə nəzərdə tutulur.

"Kofe istisna olmaqla, bütün qida məhsullarının 80 faizə qədərinin Antalya və yaxın ətrafından təmin edilə bilməsi üstünlüyünü nəzərə alaraq yerli tədarükə üstünlük veririk. Məqsədimiz qida xidmətlərini mümkün qədər aşağı karbon izi ilə təqdim etməkdir", - deyə A.S.Kulaklıoğlu qeyd edib.

O əlavə edib ki, Yaşıl Bölgədə "7 Bölgə 7 Mətbəx" layihəsi çərçivəsində Türkiyənin müxtəlif coğrafi bölgələrinin mətbəxlərini təqdim edən qastronomiya evləri yaradılacaq.

"Bu mətbəxlər arasında Aralıq dənizi, Qaziantep, Qara dəniz, Kayseri və Konya, eləcə də Türk dünyası mətbəxləri yer alacaq. Bundan başqa, sıfır tullantı prinsipləri əsasında fəaliyyət göstərəcək Sıfır Tullantı Mətbəxi yaradılacaq", - deyə o bildirib.

Nazirliyin rəsmisi Yaşıl Bölgədə işıq şouları, Uşaq və gənclik mərkəzi, Anadolu bağı və İqlim məktəbi də daxil olmaqla müxtəlif tədbirlərin keçiriləcəyi məkanların yaradılacağını diqqətə çatdırıb.

O bildirib ki, COP31 ərazisində həm Mavi, həm də Yaşıl Bölgədə bütün əməliyyatlar sıfır tullantı yanaşması əsasında həyata keçiriləcək.

"Yaşıl Bölgədə Sıfır Tullantı Tətbiq və Təcrübə Mərkəzi, Mavi Bölgədə isə Sıfır Tullantı Muzeyi fəaliyyət göstərəcək", - deyə A.S.Kulaklıoğlu vurğulayıb.

Onun sözlərinə görə, Antalya ərazisində yerləşən Solak, Dəmirçilər və Ormana kəndlərində də sıfır tullantı prinsiplərinin tətbiqi üçün xüsusi layihə həyata keçirilir və həmin kəndlərin "Sıfır Tullantı Kəndi" kimi hazırlanması nəzərdə tutulur.

A.S.Kulaklıoğlu Liderlər Sammiti çərçivəsində qala şam yeməyinin noyabrın 11-də COP31 ərazisinə və qonaqlama obyektlərinə yaxın ərazidə yerləşən NEST Konqres Mərkəzində keçirilməsinin planlaşdırıldığını bildirib.

Qonaqlama məsələsinə toxunan A.S.Kulaklıoğlu COP31 Sədrliyi tərəfindən Ev Sahibi Ölkə Sazişi çərçivəsində bütün tərəfdaşların müəyyənləşdirildiyini deyib.

"Əlaqədar bütün agentliklərə rəsmi veb-saytımız üzərindən çatmaq mümkündür. Qonaqlama agentliyimiz 18 mart 2026-cı il tarixində fəaliyyətə başlayıb və bronlaşdırmaları qəbul etməyə başlayıb", - deyə o bildirib.

O, iştirakçıların qonaqlama yerlərini rəsmi agentlik vasitəsilə bron etməsinin vacib olduğunu qeyd edib.

"Bronlaşdırma sistemimizə daxil etdiyimiz bütün otellər Davamlı Turizm Sertifikatına, ISO 14001 ekologiya sertifikatına və Əlçatan Turizm Sənədinə malik, Türkiyənin Turizm Nazirliyinin yoxlamasından keçən otellər arasından seçilir. Həmçinin COP31-də istehlakçı hüquqlarının qorunmasına dair müddəalar ilk dəfə Ev Sahibi Ölkə Sazişi çərçivəsində qonaqlama öhdəliklərinə daxil edilib", - deyə A.S.Kulaklıoğlu əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti