Bakı.Trend:
Niderlandda Qərbi Nil virusuna yoluxma nəticəsində üç nəfər ölüb, ölkədə aşkar edilmiş yoluxma hallarının ümumi sayı 18-ə çatıb.
Bu barədə Niderlandın Milli İctimai Sağlamlıq və Ətraf Mühit İnstitutu (RIVM) məlumat yayıb.
İnstitutun məlumatına görə, son həftələrdə daha iki pasiyent xəstəxanada vəfat edib. RIVM ilk ölüm halı barədə avqust ayında məlumat verib. Bu, ölkə ərazisində 2020-ci ildən bəri Qərbi Nil virusuna ilk yoluxma halının aşkarlanmasından bir həftə sonra baş verib.
Qərbi Nil virusu insanlara əsasən ağcaqanadların sancaması yolu ilə ötürülür. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, yoluxan hər 150 nəfərdən təxminən birində xəstəliyin ağır forması inkişaf edir. ÜST qeyd edib ki, havanın temperaturunun yüksəlməsi ağcaqanadların yayılma arealının genişlənməsinə və onların Avropada virusu yaya bildiyi dövrün uzanmasına səbəb olur.
