Xaçmaz rayonunda aqrar sektorun inkişafı diqqət mərkəzindədir (FOTO)

Cəmiyyət Press-reliz 10 Sentyabr 2026 19:21 (UTC +04:00)
Xaçmaz rayonunda aqrar sektorun inkişafı diqqət mərkəzindədir (FOTO)
Elvin Əhməd
Elvin Əhməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aqrar sektorun inkişafına göstərdiyi xüsusi diqqət və qayğı, qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində müəyyən etdiyi vəzifələr Xaçmaz rayonunda da ardıcıl şəkildə icra olunur.

Bu çərçivədə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul əməkdaşı Habil Əzəmmədov rayon ərazisində fəaliyyət göstərən aqrar istehsal və emal müəssisələrində, həmçinin yeni intensiv meyvə bağlarının salınması nəzərdə tutulan ərazilərdə olublar.

Rəsmilər əvvəlcə rayon ərazisində fəaliyyət göstərən quşçuluq təsərrüfatında yaradılan şərait və istehsal prosesi ilə tanış olublar. Müəssisənin mövcud fəaliyyəti, istehsal imkanları, məhsuldarlığın artırılması, daxili bazarın yerli məhsullarla təminatında rolu və fəaliyyətinin gələcəkdə genişləndirilməsi istiqamətində görülməsi nəzərdə tutulan işlər barədə məlumat verilib.

Səfərin növbəti ünvanı yeni intensiv meyvə bağlarının salınması nəzərdə tutulan ərazilər olub. Rəsmilər bağların yaradılması üçün nəzərdə tutulan torpaq sahələrinin mövcud vəziyyəti, münbitliyi, relyefi və suvarma imkanları ilə yaxından tanış olublar. Yeni bağların müasir aqrotexniki tələblərə uyğun salınması, yüksək məhsuldar tinglərdən istifadə edilməsi, suvarma infrastrukturunun qurulması və gələcək məhsuldarlığın təmin olunması ilə bağlı məsələlər müzakirə edilib.

Qeyd olunub ki, rayonun Köhnə Xudat və İdrisoba kəndləri ərazisində kənd təsərrüfatının inkişafı üçün əlverişli imkanlar mövcuddur. Burada fəaliyyət göstərən “AMO” MMC-yə məxsus 130 hektar ərazinin 105 hektarında alma, o cümlədən 43 hektarında intensiv, 62 hektarında isə superintensiv alma bağları salınıb. Həmçinin təsərrüfatda 21 hektar armud və 4 hektar nektarin bağı mövcuddur.

Bununla yanaşı, ərazidə yeni intensiv meyvə bağlarının salınması, mövcud bağçılıq təsərrüfatlarının genişləndirilməsi, istehsal olunan məhsulların saxlanılması və emalı üçün müasir infrastrukturun yaradılması imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Baxış zamanı Elnur Rzayev və Habil Əzəmmədov sahibkarlarla da həmsöhbət olub, onların fəaliyyəti, həyata keçirməyi planlaşdırdıqları layihələr, mövcud imkanlar və qarşılaşdıqları məsələlərlə maraqlanıblar. Sahibkarların təklif və müraciətləri dinlənilib, onların fəaliyyətinin genişləndirilməsi üçün dövlət tərəfindən yaradılan imkanlardan səmərəli istifadə olunmasının vacibliyi vurğulanıb.

Qeyd edilib ki, dövlət tərəfindən aqrar sektorun inkişafına göstərilən dəstək, tətbiq olunan subsidiya, güzəştli maliyyələşmə və digər dəstək mexanizmləri kənd təsərrüfatı istehsalının genişləndirilməsinə, yeni təsərrüfatların yaradılmasına və sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına mühüm töhfə verir.

Səfərin yekununda bildirilib ki, Xaçmaz rayonunun zəngin aqrar potensialından daha səmərəli istifadə olunması, müasir kənd təsərrüfatı və emal müəssisələrinin yaradılması, intensiv bağçılığın genişləndirilməsi, məhsulların saxlanılması və emal imkanlarının artırılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək. Sahibkarların təşəbbüslərinin dəstəklənməsi, onların müraciətlərinin operativ şəkildə araşdırılması və aidiyyəti qurumlarla birgə zəruri tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılacaq.

Xəbər lenti

Xəbər lenti