Bakı.Trend:
“İnter Mayami”nin hücumçusu Lionel Messi İspaniyanın Segunda (ikinci divizion) təmsilçisi “Eldense” klubunun sahibləri ilə klubu satın almağın əsas şərtləri barədə razılığa gəlib.
“Marca” nəşrinin yaydığı məlumata görə, argentinalı futbolçu tərəfdaşlar və kənar investorlar cəlb etmədən klubun səhmlərinin 100 faizini satın almaq niyyətindədir.
Hüquqi yoxlamanın başa çatmasından və müqavilənin son detallarının razılaşdırılmasından sonra sövdələşmə yaxın günlərdə rəsmiləşdirilə bilər. Bundan əlavə, müqavilə İspaniyanın Ali İdman Şurası tərəfindən təsdiqlənməlidir.
“Eldense” komandası mövsümün əvvəlində hələ qələbə qazanmayıb. Dörd turdan sonra iki xal toplayan komanda turnir cədvəlində 20-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Messi “İnter Mayami”dən əvvəl Fransanın “Paris Sen-Jermen” və İspaniyanın “Barselona” klublarında çıxış edib. O, “Barselona” ilə dörd dəfə Çempionlar Liqasının qalibi olub, həmçinin üç dəfə UEFA Superkubokunu və Klublararası Dünya Çempionatını qazanıb.
