Bakı. Trend:
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əsas kapitala 12,678 milyard manat məbləğində investisiya yatırılıb.
Trend-in Dövlət Statistika Komitəsinin məlumatları əsasında hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 10 faiz çoxdur.
Əsas kapitala yönəldilmiş investisiyaların 8,431 milyard manatı qeyri-neft-qaz sektoru üzrə həyata keçirilib. 2025-ci ilin yanvar-avqust aylarındakı göstəricilərlə müqayisədə Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə əsas kapitalına yönəldilmiş investisiyaların həcmi 1,4 faiz artıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov iyulun 31-də faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında bildirib ki, kredit aktivliyinin artımı fonunda Mərkəzi Bank ölkə iqtisadiyyatı üzrə artım proqnozlarını yeniləyib.
"2026-cı ildə iqtisadi artımın 0,5 faiz, qeyri-neft-qaz sektoru üzrə ÜDM artımının isə 2,4 faiz olacağını proqnozlaşdırırıq. 2027-ci ildə isə iqtisadi artımın 2,6 faiz, qeyri-neft-qaz sektoru üzrə artımın isə 3,9 faiz təşkil edəcəyini gözləyirik", - deyə AMB sədri bildirib.
T.Kazımov qeyd edib ki, əvvəlki proqnozlarla müqayisədə iqtisadi artım gözləntilərinə yenidən baxılıb. Belə ki, AMB-nin əvvəlki proqnozunda 2026-cı il üzrə ümumi daxili məhsulun (ÜDM) 1,1 faiz, qeyri-neft-qaz sektoru üzrə isə 3,2 faiz artacağı gözlənilirdi. 2027-ci il üzrə proqnozlar isə müvafiq olaraq 3,2 faiz və 4,7 faiz səviyyəsində idi.
AMB sədri vurğulayıb ki, qlobal iqtisadi proseslərə baxmayaraq, Mərkəzi Bankın mövcud monetar siyasət kursunu dəyişməsinə ehtiyac yoxdur.
"Mərkəzi Bankın monetar siyasət çərçivəsində müxtəlif ssenarilər üzrə fəaliyyət planları mövcuddur və dəyişən iqtisadi şəraitə uyğun operativ reaksiya vermək imkanımız var. Hazırda “B planı”na keçidi zəruri edən hər hansı əsas yoxdur və buna görə də belə bir ssenari müzakirə edilmir", - deyə o bildirib.
Onun sözlərinə görə, mövcud makroiqtisadi göstəricilər seçilmiş siyasətin davam etdirilməsi üçün kifayət qədər əsas yaradır.
"Makroiqtisadi şərait və mövcud tənzimləyici göstəricilər hazırkı siyasət kursunun davam etdirilməsi üçün əsas verir. Bu səbəbdən də hazırda seçdiyimiz strategiyanı həyata keçirməyə davam edirik", - deyə T.Kazımov qeyd edib.
AMB sədri əlavə edib ki, bütün mərkəzi banklar mümkün risklərə qarşı alternativ fəaliyyət planları hazırlayır.
"Uğurlu monetar siyasətin əsas şərtlərindən biri yaranan vəziyyətə uyğun ən düzgün qərarı vaxtında qəbul etməkdir. Hesab edirik ki, hazırda həyata keçirdiyimiz monetar siyasət orta və uzunmüddətli perspektivdə iqtisadiyyatın qarşılaşa biləcəyi potensial çağırışlara adekvat cavab verəcək", - deyə o vurğulayıb.
