İqlim böhranı qlobal səhiyyə böhranıdır – Səhiyyə Nazirliyi

Yaşıl iqtisadiyyat Xəbər 9 Sentyabr 2026 12:23 (UTC +04:00)
İqlim böhranı qlobal səhiyyə böhranıdır – Səhiyyə Nazirliyi
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

İqlim böhranı qlobal səhiyyə böhranıdır.

Trend-in müxbiri xəbər verir ki, bunu Bakıda keçirilən İqlim Fəaliyyət Həftəsi çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin səhiyyə siyasəti şöbəsinin müdiri Ramiq Quliyev deyib.

“Biz bilirik ki, bu, ekstremal hava hadisələrinə və xəstəliklərin yayılmasına səbəb olur. İqlim dəyişikliyi ilə əlaqədar sağlamlıq riskləri temperaturun yüksəlməsi, xüsusilə şəhər ərazilərində havanın çirklənməsinin artması, ekstremal hava hadisələri, həmçinin həm daşqınlara, həm də su çatışmazlığına səbəb olan yağıntı rejimindəki dəyişikliklərlə şərtlənir”, - deyə R.Quliyev qeyd edib.

O bildirib ki, Azərbaycan da qlobal iqlim dəyişikliyinin təsirindən kənarda qalmayıb.

“Məhz buna görə qlobal və regional əməkdaşlıq, eləcə də milli səviyyədə həyata keçirilən tədbirlər həyati əhəmiyyət daşıyır”, - deyə o bildirib.

R.Quliyevin sözlərinə görə, Azərbaycan səhiyyə sektoru temperaturun yüksəlməsi və isti hava dalğalarının tez-tez baş verməsi ilə əlaqədar artan iqlim və fəlakətlərlə bağlı risklərlə üzləşir: “İqlimlə şərtlənən ən aktual sağlamlıq risklərinə xəstələnmə və ölüm halları, ürək-damar və tənəffüs sistemi xəstəliklərinin kəskinləşməsi, su və qida vasitəsilə ötürülən xəstəliklər, vektor mənşəli və zoonoz xəstəliklər daxildir”.

R.Quliyev həmçinin bildirib ki, Azərbaycanda iqlim dəyişikliyinin sağlamlığa təsiri ilə bağlı məsələlərin həlli üçün beynəlxalq səviyyədə tanınan mexanizmlər və cavab tədbirləri planları həyata keçirilir.

Qeyd edək ki, “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"nın (BCAW 2026) üçüncü günü keçirilir.

Üçüncü günün proqramında iqlim öhdəliklərindən konkret fəaliyyətə keçid, iqlim maliyyələşdirilməsi, gənclərin iqlim proseslərində iştirakı, süni intellekt və iqlim texnologiyaları, enerji səmərəliliyi, metan emissiyalarının azaldılması, su ehtiyatlarının idarə olunması və mədəni irsin qorunması kimi məsələlər əsas diqqət mərkəzindədir.

Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edir.

Artıq üçüncü dəfə keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi bu il ilk dəfə olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İqlim Həftəsi ilə paralel təşkil olunur. Dördüncü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində iqlim dəyişmələri ilə mübarizə, iqlim maliyyələşdirilməsi, dayanıqlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi ilə bağlı bir sıra sessiya, panel müzakirəsi və digər tədbirlər keçiriləcək.

Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) sentyabrın 11-dək davam edəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti