Tbilisidə kəlağayı sənətinin tarixinə həsr olunan kitab təqdim edilib (FOTO)

Cəmiyyət Materials 8 Sentyabr 2026 18:49 (UTC +04:00)
Tbilisidə kəlağayı sənətinin tarixinə həsr olunan kitab təqdim edilib (FOTO)
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzində Azərbaycanın zəngin qeyri-maddi mədəni irs nümunələrindən olan kəlağayı sənətinə həsr edilən “Kəlağayı milli sərvətimizdir” kitabının təqdimatı keçirilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, tədbir “Alyans” Gənclər Mərkəzinin dəstəyi, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi və Kəlağayı Ev Muzeyinin birgə təşəbbüsü ilə baş tutub.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhramanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Görüşdə müxtəlif kəlağayı nümunələri və sənətin tarixinə dair kitablar nümayiş etdirilib.

“Mirvarid Dilbazi Poeziya Məclisi” İB-nin və Kəlağayı Ev Muzeyinin sədri, kitabın müəllifi Güllü Eldar Tomarlı çıxışında Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən tədbirlər nəticəsində 2014-cü ilin noyabr ayında Parisdə keçirilən UNESCO-nun Hökumətlərarası Komitəsinin 9-cu sessiyasında “Kəlağayı simvolikası və ənənəvi sənəti: qadın ipək baş örtüklərinin hazırlanması və saxlanılması”nın UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyini deyib.

Azərbaycan, rus və gürcü dillərində nəşr olunan “Kəlağayı milli sərvətimizdir” kitabında kəlağayının tarixi, hazırlanma xüsusiyyətləri və Azərbaycan qadınının milli-mənəvi dünyasındakı rolu haqqında məlumat verilir. Nəşrin gürcü dilinə Gürcüstan Dövlət Mükafatı laureatı, tanınmış yazıçı və tərcüməçi İmir Məmmədli tərəfindən çevrildiyi bildirilib.

Çıxışlarda kəlağayı sənətinin gənc nəslə tanıdılması və qədim el sənətlərinin yaşadılmasının vacibliyi vurğulanıb.

Tədbirin sonunda Azərbaycanın milli rəqsləri nümayiş etdirilib, uşaqlar kəlağayıya həsr olunan şeirlər səsləndiriblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti