Yanvar-avqust aylarında Orta Dəhliz üzrə 53 574 TEU yük daşınıb - "ADY Express"

İqtisadiyyat Xəbər 9 Sentyabr 2026 12:55 (UTC +04:00)
Yanvar-avqust aylarında Orta Dəhliz üzrə 53 574 TEU yük daşınıb - "ADY Express"
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-avqust aylarında Orta Dəhliz üzrə 53 574 TEU yük daşınıb.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) törəmə şirkəti "ADY Express" MMC-nin baş əməliyyat inzibatçısı Rəşad Məcidov “Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə” (AQEM – CICA) çərçivəsində “Limanların regional bağlantı və strateji əməkdaşlıqdakı rolu” mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən panel müzakirəsi zamanı deyib.

O qeyd edib ki, 2026-cı ilin ilk 8 ayında Orta Dəhliz üzrə yükdaşımaların həcmi illik müqayisədə 11 % artıb

“Hesabat dövründə Şərq-Qərb istiqamətində 42 642 TEU, Qərb-Şərq istiqamətində isə 10 932 TEU yük daşınıb.

Azərbaycan Dəmir Yolları 20 ildən artıqdır ki, mövcud olan Orta Dəhlizin təsisçilərindən biridir. Düşünürəm ki, hər bir marşrut öz məqsədinə xidmət edir. Onları hansısa formada prioritetləşdirməyə və ya bir-biri ilə müqayisə etməyə ehtiyac yoxdur.

Müştəri baxımından Orta Dəhliz və istənilən dəniz marşrutu bir-birinin tamamlayıcısıdır. Onlar rəqabət aparmırlar. Operator kimi və ya dəniz operatorunun pəncərəsindən baxsaq, bəli, biz rəqabətdəyik”,- deyə o əlavə edib.

Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti